Azərbaycanda Urbanizasiya və Regionların İnkişaf Problemi
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202502/4112124_8.jpg)
Tarix: 20:27 07.02.2025
Dünyada urbanizasiya prosesi geniş vüsət alır. Şəhərlər daha yaxşı iş imkanları, infrastruktur və sosial xidmətlər baxımından insanları cəlb edir. Lakin bu proses müxtəlif ölkələrdə fərqli formalarda gedir.
Məsələ ilə bağlı sosioloq Elçin Bayramlı "informator.az"a açıqlamasında bildirib ki, əksər ölkələrdə urbanizasiya təkcə paytaxta deyil, müxtəlif iri şəhərlərə də yönəlir:
"Bu, daxili miqrasiya prosesinin balanslı şəkildə aparılmasına şərait yaradır. Azərbaycanda isə urbanizasiya prosesi qeyri-bərabər və sürətli şəkildə gedir. Əhalinin regionlardan yalnız Bakıya axın etməsi demoqrafik balansı pozur. Kəndlər və kiçik şəhərlər boşalır, bütün iqtisadi və sosial yük paytaxtın üzərinə düşür. Nəticədə Bakı və Abşeron yarımadası hədsiz yüklənir, sosial-iqtisadi gərginlik artır, nəqliyyat və kommunal infrastruktur çökür, iqtisadi potensialın böyük hissəsi paytaxtda formalaşır".
Ekspert qeyd edib ki, bu qeyri-bərabər inkişafın qarşısını almaq üçün kompleks dövlət proqramı hazırlanmalıdır:
"Məsələn, "Kəndə Qayıdış" və ya "Regionlara Qayıdış" kimi proqramlar tətbiq oluna bilər. Lakin indiyə qədər bu istiqamətdə həyata keçirilən layihələr ciddi nəticə verməyib. Məsələni həll etmək üçün daha genişmiqyaslı və effektiv tədbirlər görülməlidir. Bunun üçün regionlara iri həcmdə dövlət və özəl investisiyalar yönəldilməlidir, xaricdəki strateji maliyyə ehtiyatlarının bir hissəsi (5-10 milyard dollar) regionların inkişafına ayrılmalıdır, regionlarda fəaliyyət göstərən sahibkarlara və fermerlərə xüsusi güzəştlər tətbiq edilməlidir. Bakı ilə regionlar arasında vergi dərəcəsi ən azı iki dəfə fərqli olmalıdır (regionlarda daha aşağı).Fermerlərə və kiçik sahibkarlara faizsiz və ya aşağı faizli kreditlər verilməlidir, aqrar sektor və kiçik istehsal sahəsində bütün inzibati əngəllər minimuma endirilməlidir. Regionlarda biznes qurmaq üçün icazə və lisenziya prosedurları sadələşdirilməlidir, dövlət iri fabrik və zavodların regionlarda qurulmasını təşviq etməlidir. Regionlarda xammal, işçi qüvvəsi və nəqliyyat infrastrukturu mövcuddur. İstehsal avadanlıqları isə xaricdən gətirilə bilər. Bir sıra dövlət qurumları və iri müəssisələr Bakının yükünü azaltmaq üçün regionlara köçürülməlidir, regionlarda yaşayış üçün müasir sosial və iqtisadi infrastruktur qurulmalıdır. Nəqliyyat və logistika sistemləri inkişaf etdirilməlidir ki, sahibkarlar məhsullarını asanlıqla bazarlara çıxara bilsinlər".
Sosioloqun sözlərinə görə bütün bu tədbirlər həyata keçirilərsə, Azərbaycanın demoqrafik balansı normallaşar, iqtisadi inkişaf bərabər paylanar və urbanizasiya prosesində sağlam dönüş yaranar. Ölkənin sosial-iqtisadi rifahı yüksələr, işsizlik azalaraq regionlarda yaşayış daha cazibədar hala gələr. Nəticədə Bakı və digər şəhərlər arasında tarazlı inkişaf təmin olunar.
Çinarə Tarverdiyeva