Azərbaycanda yaşıl iqtisadiyyat :Çətinliklər, perspektivləri və inkişaf planları

Bölmə: İqtisadiyyat › ,
Tarix: 20:20 13.02.2025

Azərbaycanda normal iş yerinin tapılması çətin olsa da, yaşıl iş yerlərinin yaradılması daha da mürəkkəbdir. Çünki bunun üçün lazım olan qabiliyyətlərimiz hələ məhduddur. 

 

Məsələ ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli "informator.az"a açıqlamasında bildirib ki, 2024-cü ildə keçirilmiş COP29 layihəsi, ekologiya məsələlərinin Azərbaycan gündəliyinin əsas prioritetlərindən biri olmadığını göstərir:

 

"Lakin belə olsa da, biz bu tip tədbirlərdə yalnız öz maraqlarımızı nəzərə alaraq fəaliyyət göstərməliyik.Azərbaycanın ekologiyanın qorunmasına qlobal miqyasda böyük töhfəsi yoxdur, çünki bu ölkənin istehsal sektoru hələ inkişaf etməyib. Təhsil və bilik sahəsində də, beynəlxalq çağırışlarda aktiv iştirak etmək üçün kifayət qədər təcrübəmiz və təhsilimiz yoxdur. Dünyada ekologiyanın korlanmasında əsas rol oynayan ölkələr isə ABŞ, Qərbi Avropa, Çin və Hindistan kimi güclü sənaye ölkələridir. Bu ölkələr yaşıl iqtisadiyyata töhfə verməlidir. Bizim isə əsas prioritetimiz xalqımızın davamlı və dayanıqlı iş yerlərinin yaradılması olmalıdır". 

 

Azərbaycan bərpa olunan enerji sahəsində xarici investorlarla ciddi layihələr həyata keçirir:

 

"BƏƏ-nin "Masdar", Səudiyyə Ərəbistanının "ACWA POWER" və Böyük Britaniyanın "BP" şirkətləri ilə alternativ enerji istehsalı üzrə müxtəlif layihələr mövcuddur. "Masdar"la on geqavatlıq müqavilələr imzalanıb və bu layihələrdən bir geqavatlıq artıq icra olunub. Azərbaycan bu sahədə ciddi planlar qurur və gələcək illərdə yaşıl enerji mənbələrindən on geqavatlıq elektrik enerjisi istehsal etməyi hədəfləyir. Bu istiqamətdə Azərbaycanın ən böyük planlarından biri də 2030-cu ilə qədər ölkənin enerji istehlakının 30 faizini bərpa olunan enerji mənbələrindən təmin etməkdir". 

 

Bərpa olunan enerji, günəş, külək, su və tullantıların təkrar emalı kimi mənbələrdən ibarətdir.

Ekspert bildirib ki, su elektrik stansiyalarının fəaliyyəti əvvəlcədən mövcud olsa da, bu sahədə işlər davam edir:

 

"Dövlətin digər yaşıl iqtisadiyyat layihələri də mövcuddur. Məsələn, elektrik mühərrikli avtomobillərin istifadəsinin artırılması yaşıl iqtisadiyyata töhfə verir. Lakin təəssüf ki, biz burada istehsalçı deyilik, sadəcə alıcıyıq. Elektrik mühərrikli avtomobillər üçün infrastrukturun yaradılması, plastik torbaların pulla satılması və digər yaşıl istehlak vərdişlərinin təşviqi bu mövzuda əsas nümunələrdir.

Bərpa olunan enerji sahəsində qanunvericiliyin hazırlanması son iki-üç ildə müzakirə olunur və düşünülür ki, vətəndaşlar öz tələbatına uyğun enerji panellərini gətirib öz enerji ehtiyaclarını təmin edə bilsinlər. Bu tip təşəbbüslər yaşıl iqtisadiyyatın inkişafına və insanların davranışlarının dəyişməsinə gətirib çıxara bilər".

 

Çinarə Tarverdiyeva