Yeni binalarda kommunal tarif fərqi-Sakinlərin narazılığı

Tarix: 21:13 13.02.2025
Son dövrlərdə kommunal xidmətlərdə müşahidə olunan qiymət artımları xüsusilə yeni tikililərdə yaşayan sakinlərin narazılığına səbəb olub.
Ekspert, iqtisadçı Xalid Kərimli mövzu ilə bağlı "informator.az"a açıqlamasında bildirib ki, kommunal xidmətlərdəki artımlar əsasən hökumətin tarif dəyişiklikləri ilə bağlıdır:
"İşıq, su, qaz kimi əsas kommunal xidmətlərin qiymətini hökumət müəyyən edir. İşığın bahalaşması liftin istismar xərclərinə, blok və həyətyanı sahələrin işıqlandırılmasına təsir göstərir. Eyni prinsip qaz və su üçün də keçərlidir. Əgər bina mərkəzləşdirilmiş istilik sisteminə qoşulubsa, bu da tariflərə təsir edir. Ötən il məişət tullantılarının daşınması tarifləri artırıldı, dizel yanacağı 25 faiz bahalaşdı, bu ilin əvvəlindən işıq, su və qazın qiymətləri də yüksəldi. Bu artımlar MTK-ların (Mənzil-Tikinti Kooperativləri) xərclərini artırır və nəticədə bu xərclər sakinlərdən toplanmalıdır".
Ekspert həmçinin qeyd edib ki, sakinlər özləri də bu məsələdə aktiv iştirak edə bilərlər:
"Mənzil Məcəlləsinə görə, əgər binanın 50 faizindən çoxu sakinlərin mülkiyyətinə keçibsə, onlar toplaşıb, özlərini idarəetmə strukturu yarada bilərlər. Belə olduğu halda, MTK-ların idarəçiliyindən imtina edərək, özləri xidmət təşkil edə bilərlər. Bakı şəhəri bahalı şəhərdir və hökumətin tarif siyasəti qənaətə və iqtisadiyyatın stimullaşdırılmasına yönəlib. Lakin sakinlər bu artımlara alternativ yollarla reaksiya vermək imkanına da sahibdirlər".
Nərgiz Orucova