"Azərbaycanda müflisləşmə ilə bağlı təkliflər paketi hazırlanır"

Tarix: 14:09 14.02.2025
Azərbaycanda müflisləşmə ilə bağlı qanunvericilik sahəsində sistemli tədbirlərin həyata keçirilməsi üçün təkliflər paketi hazırlanır. Bunu Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev “Biznesin müflisləşməsi” işçi qrupunun iclasında bildirib.
Onun sözlərinə görə, hazırda əsas məqsəd müflisləşmə ilə bağlı qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılmasıdır:
"Mövcud “Müflisləşmə və iflas haqqında” qanun əvvəlki dövrlərdə qəbul edilsə də, indiki mərhələdə müasir çağırışlara uyğun olaraq yenilənməlidir. Bu məqsədlə qanunvericilik sahəsində sistemli tədbirlərin həyata keçirilməsi üçün təkliflər paketi hazırlanır ki, bu da biznesin müflisləşmə prosesinin tənzimlənməsinə və sahənin inkişafına böyük töhfə verəcək".
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında iqtisadçı Akif Nəsirli bildirib ki, Azərbaycanda müflisləşmə halları daha da çoxalır:
"Sahibkarlar uzunmüddətli aşağı faizli kredit almaq imkanına sahib deyillər. Müəyyən problemlər sahibkarın fəaliyyətinə asanlıqla son qoya bilər.
Müflisləşmə və iflas haqqında" qanunun əsas çatışmazlıqlarından biri müflisləşmənin real şəraitdə təsdiqlənməsi yollarının çox çətin olmasıdır. Bəzi hallarda fiziki və ya hüquqi şəxs məhkəməyə müraciət etdikdə, məhkəmə onları "müflisləşən" elan etmir. Hər bir hüquqi və fiziki şəxsin real olaraq borcları əmlakından çoxdursa, həmin şəxs müflis sayılmalıdır. Əmlakın satılması və ya götürülməsi prosesi kreditorların qərarından asılı olmalıdır. Bu gün Azərbaycanda kifayət qədər dövlət müəssisəsi var ki, onlar ili borcla başa vurur. Bu halda həmin hüquqi şəxs müflis elan olunmalıdır. "Müflisləşmə və iflas haqqında" qanun mənəvi köhnəlməyə məruz qalıb və işlək mexanizmlərə malik deyil. Hesab edirəm ki, yeni qanunvericilik islahatları iqtisadiyyatın inkişafına müsbət təsir edəcək. Müflis olan hüquqi şəxsin fəaliyyətinin dayandırılması prosesi baş vermir. Kimin müflis olub-olmadığını qanunla ayırd etmək lazımdır. Bu mexanizmlər indiki qanunda yoxdur və qanun müasir çağırışlara cavab vermir".
Aygün Babayeva