"Cəhənnəmin qapılarının nə zaman açılacağını paylaşa bilmirik"

Tarix: 21:25 17.02.2025
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-nin Dövlət katibi Marko Rubio ilə keçirdiyi mətbuat konfransında girov mübadiləsi ilə bağlı danışıb. Netanyahu, "Ortaq bir strategiyamız var və bu strategiyanın detallarını hər zaman ictimaiyyətlə bölüşə bilmirik. Cəhənnəmin qapılarının nə zaman açılacağını paylaşa bilmirik. Girovlarımızın sonuncusuna qədər azad edilmədiyi təqdirdə bu qapılar mütləq açılacaq",- deyə bildirib.
NETANYAHU: TRAMP ƏN BÖYÜK DOSTDUR
ABŞ-nin Dövlət katibi Marko Rubio, Orta Şərq səfəri çərçivəsində dünən Qüdsə gələrək İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb. İkili görüşdən sonra mətbuat konfransı keçirilib. ABŞ Prezidenti Donald Tramp üçün "İsrailin Ağ Evdə sahib olduğu ən böyük dostdur" ifadəsini işlədən Netanyahu, Rubio ilə bir çox mövzuda səmərəli müzakirələr apardıqlarını bildirib.
Netanyahu, "İsrail və ABŞ İran təhdidinə qarşı çiyin-çiyinə dayanır. Ayətullahların nüvə silahına sahib olmasına icazə verilməməlidir. Həmçinin, İranın bölgədəki aqressivliyinin qarşısı alınmalıdır. Trampın dəstəyi ilə bu işi tamamlaya bilərik və tamamlayacağıq",-deyib.
Dünən azad edilən üç israilli girovu xatırladan Netanyahu, ABŞ Prezidenti Donald Trampa təşəkkür edib və Dövlət katibi Rubioya da "İsrailin Qəzzədəki siyasətinin irəliləməsinə verdiyi açıq dəstəyə" görə minnətdarlığını bildirib.
Tramp ilə Qəzzə mövzusunda tam əməkdaşlıq və koordinasiya içində çalışdıqlarını vurğulayan Netanyahu, "Ortaq bir strategiyamız var və bu strategiyanın detallarını hər zaman ictimaiyyətlə paylaşa bilmirik. Cəhənnəmin qapılarının nə zaman açılacağını paylaşa bilmirik. Girovlarımızın hamısı azad edilməzsə, bu qapılar mütləq açılacaq",- deyə qeyd edib.
Netanyahu, Rubio ilə birlikdə "Trampın Qəzzə üçün cəsarətli vizyonunu və bu vizyonun reallaşması üçün necə birlikdə çalışa biləcəklərini" müzakirə etdiklərini söyləyib.
Həmçinin, Suriya mövzusunun da gündəmə gəldiyini qeyd edən Netanyahu, "Əgər bu gün Suriyadakı hansısa qüvvə İsrailin düşmən qüvvələrin Suriyanı İsrailə hücum üçün bir baza kimi istifadə etməsinə icazə verəcəyini düşünürsə, böyük bir yanılqı içindədir. İsrail, Suriyanın cənub-qərbində hər hansı bir təhdidin meydana çıxmasının qarşısını almaq üçün tədbir görəcəkdir",-deyə əlavə edib.
"NETANYAHU QƏZZƏNİN GƏLƏCƏYİ BARƏDƏ ÇOX CƏSARƏTLİ DAVRANDI"
ABŞ-ın Dövlət katibi Rubio isə Trampın "məsələlərə açıq və net yanaşan bir lider" olduğunu vurğulayıb.
Trampın ən açıq və net olduğu məsələnin girovların evə geri qaytarılması olduğunu deyən Rubio, "Bu, məcburi bir məsələdir, seçim deyil. Prezident Qəzzənin gələcəyinin necə olmalı olduğu məsələsində də çox cəsarətli olub" deyib.
Suriya mövzusuna da toxunan Rubio, "Sabotajçı bir gücün yerini başqa bir qüvvənin tutması müsbət bir inkişaf deyil. Bu vəziyyəti diqqətlə izləyəcəyik",- deyə bildirib.
ABŞ-nin İsrailə xüsusi hörmət və sevgi duyduğunu vurğulayan Rubio, "İsrail, çoxmədəniyyətli bir cəmiyyət olaraq, azad sahibkarlıq və demokratiya sahəsində dünyaya nümunədir. Əgər Orta Şərqdə daha çox İsrail kimi ölkə olsaydı, bölgə daha təhlükəsiz olardı",-deyə sözlərini tamamlayıb.
Mənbə: Haberler
Aygün Babayeva