Yeniyetmələrdə Artan Aqressiya-Səbəblər və Çıxış Yolları

Bölmə: Sosial › ,
Tarix: 16:44 18.02.2025

Son illərdə yeniyetmələr arasında aqressiv davranışların artması mütəxəssisləri narahat edir. Valideynlər, müəllimlər və psixoloqlar bu problemin köklərini araşdıraraq həll yolları axtarır. Yeniyetməlik dövrü emosional və fiziki dəyişikliklərin sürətlə baş verdiyi bir mərhələdir və məhz bu dəyişikliklər aqressiyanın əsas səbəblərindən biri hesab olunur. Həmçinin, sosial mühit, ailədaxili münasibətlər, texnologiyanın təsiri və psixoloji faktorlar da gənclərin davranışına təsir edən əsas amillər sırasındadır.

Mövzu ilə bağlı “infarmator.az” a açıqlamasında psixoloq psixologiya elmi tədqiqat institunun sədri Elnur Rüstəmov bildirib ki, yeniyetməlik insan həyatında fiziki, emosional və psixososial dəyişikliklərin ən intensiv olduğu dövürlərdən biridir:

 

“Bu dəyişikliklər həm hormonal, həm beyin inkişafı, həm sosial-psixoloji faktorlar, həm də mühitin təsiri altında baş verdiyindən şübhəsiz ki, onların aqressiya səviyyəsinə də öz təsirini göstərir. Belə ki, yeniyetməlik dövründə testosteron, kortizol və dopamin kimi hormonların səviyyəsi artır. Xüsusilə, testosteronun yüksəlməsi aqressiv davranışların artmasına gətirib çıxarır. Kortizol isə stresə cavab olaraq ifraz olunur və emosional reaktivliyi artırır. Bu dövrdə prefrontal korteks (məsuliyyət, özünü idarəetmə və qərarverməyə cavabdeh olan beyin hissəsi) hələ tam inkişaf etmədiyindən impulsiv davranışlar və emosional partlayışlar daha çox müşahidə olunur. Eləcə də, yeniyetmələr müstəqil həyata qədəm qoyduqlarından bəzən ailə, müəllimlər və həmyaşıdlarla qarşıdurmalar yaşaya bilirlər. Bu da emosional qeyri-sabitlik və aqressiv davranışlara səbəb olur.
Həmçinin yeniyetmələrin sosial mühiti, ailə münasibətləri, məktəb həyatı və sosial media aqressiyanın səviyyəsinə təsir göstərir. Məsələn, zorakılıq və ya rəqabət dolu bir mühit aqressiyanı artıran amillər kimi dəyərləndirilir. Aqressiyanı idarə etmək və emosional tarazlığı qorumaq üçün bir çox metodlar tövsiyə olunur. Bunlara həm psixoloji, həm də fiziki müadaxilələr daxildir.

 

Yeniyetmələrə emosional idarəetmə və impulsiv davranışların tənzimlənməsi üçün koqnitiv davranış terapiyasının metodları tövsiyyə oluna bilər. Eləcə də, xüsusilə yüksək emosional dəyişkənliyi olan yeniyetmələr üçün dialektiv-davranış terapiyası effektivdir, emosional tənzimləmə və özünü idarəetmə bacarıqlarını inkişaf etdirir. Ailə münasibətlərini gücləndirərək yeniyetmənin özünü ifadə etməsinə və dəstək almasına kömək məqsədilə ailə terapiyasını qeyd edə bilərik. Dərin nəfəsalma, meditasiya və yoqa kimi üsullar emosional sabitliyi qorumaq üçün faydalıdır. Gündəlik aparmaq, sənət terapiyası və musiqi terapiyası yeniyetmələrin emosiyalarını sağlam şəkildə ifadə etməsinə imkan yaradır. İdman və fiziki aktivlik aqressiyanı azaltmaq üçün güclü vasitədir, çünki bədənin enerji balansını qoruyur və stressi azaldır. Yetərli yuxu aqressiv reaksiyaların qarşısını almağa kömək edir. Bəzi qidalar (şəkərli və fast-food məhsulları) emosional dəyişkənliyə təsir edə bilir. Bu nəzərə alınmalıdır. Empatiyanı inkişaf etdirmək üçün sosial təlimlər və rollu oyunlar tövsiyyə oluna bilər. Konflikt həll etmə bacarıqları ilə bağlı təlimlər də bu prosesdə faydalıdır. Eləcə də, məktəblərdə psixoloji dəstək xidmətləri və aqressiv davranışları azaltmaq üçün xüsusi proqramlar tətbiq oluna bilər. Yeniyetmələrin maraq dairəsinə uyğun fəaliyyətlərə cəlb edilməsi (idman klubları, incəsənət dərnəkləri və s.) də faydalıdır”.

 

Əsmər Bəşirova