“Rusiya-Ukrayna müharibəsinin bu il bitməsi gözləniləndir”-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 20:55 18.02.2025

Ukraynada müharibə bir ildən tez müddətdə başa çatmalıdır”.

 

Bu fikri ABŞ Prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı səsləndirib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Kənan Novruzov “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsi haqqında danışıqlar üfüqdə görünür:

 

“Hazırkı proseslər göstərir ki, Tramp vədini yerinə yetirir və qətiyyətlidir. O, hakimiyyətə gəlməzdən əvvəl dəfələrlə deyib ki, Rusiya-Ukrayna müharibəsini bitirəcək. Müharibənin dayandırılması onun maraqlarına uyğundur. Əsas məsələ odur ki, ABŞ həm Rusiya, həm də Ukrayna ilə işləyir. Tramp biznesmendir. Onun biznesmen kimliyi siyasətinə də sirayət edir. Yəni siyasətə də biznes yanaşması ilə baxır. Hər iki tərəf – həm Ukrayna, həm də Rusiya çıxılmaz vəziyyətdədir. Tramp baxacaq ki, hansı ölkədən nə ala bilər ?

Trampın Ukraynadan istəyi təbii sərvətlərdir. Rusiyadan istəyi isə İranla əlaqələrini zəiflətmək və eyni zamanda Yaxın Şərqdəki proseslərə müdaxilə etməməkdir. Hansı tərəf Trampın maraqlarına daha çox cavab verərsə, Tramp da həmin tərəfin maraqlarının qorunmasına çalışacaq. Tramp üçün kimin qalib gəlməsinin fərqi yoxdur. Onsuz da Ukrayna uduzub. Ukrayna ya böyük ərazi güzəştinə getməlidir, ya da parçalanmalıdır. Bütün hallarda Ukrayna ərazi güzəştinə razı olacaq.

Digər variant odur ki, müharibə dayandırılsın, yəni atəşkəs elan edilsin. Amma müharibənin bu il başa çatması gözləniləndir. Atəşkəsdən sonrakı mərhələdə danışıqlar aparılacaq. Atəşkəsdən əvvəl və ya sonra Ukraynada Zelenskinin hakimiyyətdən getməsi mümkündür. Zelenski özü bunu istəyəcək. Çünki Zelenski məğlub prezident kimi sənədə imza atsa, ya həbs edilə bilər, ya da xalq onu satqın adlandıracaq”.

 

Kəmalə Vəliyeva