Azərbaycanda enerji içkilərinin satışı: yaş məhdudiyyəti və hüquqi tənzimləmə

Tarix: 23:02 18.02.2025
Azərbaycanda energetik içkilərin yetkinlik yaşına çatmayan şəxslərə satışı ilə bağlı hüquqi məhdudiyyətlər mövcuddur.
Hüquqşünas Ramil Süleymanov "informator.az"a açıqlamasında bildirib ki, qanunvericiliyə əsasən, bu məhsulların 18 yaşdan aşağı şəxslərə satışı qadağandır və bu qaydanın pozulması inzibati məsuliyyət yaradır.
Onun sözlərinə görə, bu məhdudiyyət Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 28 sentyabr 2019-cu il tarixli Kollegiya Qərarına əsaslanır:
"Həmin qərara uyğun olaraq, energetik içkilərin etiketində mütləq şəkildə "18 yaşdan aşağı şəxslərə satılması qadağandır" yazısı qeyd olunmalıdır. Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən, bu qaydanı pozan satıcılar cərimə edilir".
Hüquqşünasın fikrincə, bu sahədə nəzarətin gücləndirilməsi üçün ciddi maarifləndirmə və təbliğat işləri aparılmalıdır:
"Valideynlər də övladlarının energetik içkilərdən istifadəsinə nəzarət etməli və onların sağlamlıqlarına mənfi təsir edə biləcək məhsullardan uzaq durmasını təmin etməlidirlər. Əks halda, qanunvericilik valideynlərin inzibati məsuliyyətə cəlb olunmasını da nəzərdə tuta bilər".
Ramil Süleymanov, dünyanın bir çox ölkəsində oxşar məhdudiyyətlər mövcud olduğunu vurğulayıb:
" Məsələn, bəzi Avropa dövlətlərində energetik içkilərin satışı yalnız müəyyən yaşdan yuxarı şəxslərə icazə verilir və bu məhsulların reklamı məhdudlaşdırılır. Azərbaycanda isə mövcud qanunların icrası və valideyn məsuliyyətinin artırılması üçün əlavə nəzarət mexanizmlərinin yaradılması vacib hesab edilir".
Nərgiz Orucova