Əminə Ərdoğan və Yelena Zelenska Prezident Milli Kitabxanasını ziyarət ediblər 

Bölmə: Dünya › ,
Tarix: 23:04 18.02.2025

Prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan Türkiyədə rəsmi səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenskinin xanımı Yelena Zelenska ilə birlikdə Prezident Milli Kitabxanasını ziyarət edib. Eryaman Uşaq Evini ziyarət etdikdən sonra liderlərin xanımları Prezident Milli Kitabxanasına gediblər. Birinci xanım Ərdoğan və Zelenska Cihannüma Salonunu ziyarət edərək, Ukrayna xüsusi bölməsindəki kitablara baxıblar. Birinci xanım Ərdoğan Zelenskaya Mövlananın “Məsnəvi”sinin ingiliscə nəşrini və Prezident Rabitə İdarəsi tərəfindən hazırlanmış “Türkiyə” tanıtım kitabını hədiyyə edib.

 

Rəhbərlərin həyat yoldaşları Nəsrəddin Hoca Uşaq Kitabxanasını ziyarət edərək, oxumaq, rəsm çəkmək kimi fəaliyyətlərlə məşğul olan uşaqlarla görüşüblər. Uşaqlar öz əlləri ilə hazırladıqları, içərisində xaşxaş naxışlarının, kənd bibərinin və ulduz pomidorunun əcdad toxumlarının şəkilləri olan kisələri liderlərin xanımlarına hədiyyə ediblər.

Birinci xanım Ərdoğan sosial media hesabındakı paylaşımında kitabxana ziyarətləri ilə bağlı aşağıdakı ifadələrdən istifadə edib: "Ukrayna prezidentinin dəyərli həyat yoldaşı Yelena Zelenska ilə Prezident Milli Kitabxanamızı və Ukrayna Kitabxanasını ziyarət etdik və ortaq mirasa şahid olduq. Rəflərə sığmayan kitabların dostluğu da Türkiyə ilə Ukrayna arasındakı möhkəm bağın təzahürüdür. Ümid edirəm ki, iki ölkə arasındakı dostluq bu gözəl nəsillərə bir daha çox gözəl kitablar gətirəcək. Sülhün, mədəni həmrəyliyin və ortaq dəyərlərin yaşadıldığı günlərdə yenidən bir araya gəlmək diləyilə..."

 

Mənbə: TRT XƏBƏR

Türkanə Meşədiyeva