Qadın adlı bahar..-8 Mart

Tarix: 22:17 07.03.2025
Qadın…
Ən çox bahardır qadın… Çünki bahar hər şeyin çiçəklədiyi andır, həyatın sükuta meydan oxuduğu nəfəsdir. Dünya dönsə də, qar yağsa da, tufan qopsa da, qadın içində bir çiçək gizlədir. Adına ümid deyərlər, inam deyərlər, sevgi deyərlər.
Qadın olmaq – sadəcə bir tarixdə qeyd edilmək deyil.
Qadın olmaq – hər gün yaşamaq, hər gün mübarizə aparmaq, hər gün var olmaqdır. Biz qadını yalnız 8 Martda deyil, hər səhər erkən oyanıb işə gedərkən, gecə yorğun halda evə dönərkən, oğlunu cəmiyyətə layiqli insan kimi böyüdərkən, qızına güclü olmağı öyrədərkən tanımalıyıq.
Əslində, 8 Mart bir tarixdən çox, bənövşənin incə qoxusu, baharın ilk nəfəsidir. Bir musiqidir. Anaların laylasından başlayan, sevgilərin pıçıltısına qarışan, qız uşaqlarının gülüşüylə bitən bir nəğmədir. Bir rəngdir. Sanki həm çəhrayı utancaqlıq, həm qırmızı cəsarət, həm mavi azadlıq kimidir…
Qadın olmaq? Bir az şeir kimidir. Hansı ki, yazılmağa başlayandan bitənə qədər heyran edən, heç bir cümləyə tam sığmayan… Bir az rəsm kimidir..incə-incə ,özənlə çəkilən, amma heç vaxt tam tamamlanmayan… Bir az bahar kimidir gözlənilən, gələndə sevinilən, gedəndə həsrət qalan…
Bəzən deyirlər ki, qadın incə məxluqdur, zərifdir. Bəli, qadın incədir, amma incə olmaq zəif olmaq deyil. Qadın həm də güclüdür. Fırtınada dayanan bir ağac kimi. Həyatın çətinliklərinə baxmayaraq ayaqda duran, öz yolunu tapan, sevgi və mərhəməti ilə dünyanı gözəlləşdirən biridir.
Bu gün biz təkcə qadınları təbrik etməməliyik, biz onları həqiqətən tanımalı, anlamalı və dəyərləndirməliyik. Onların səsi, haqqı, düşüncəsi – hər biri baharın ən parlaq rəngidir. Cəmiyyət üçün çox qiymətli varlıqlardır.
Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu zaman - zaman təsdiq edib.
İlk seçki 1919-cu ilin fevralında oldu. Şərqdə qadınlara ilk dəfə səsvermə hüququ verilən dövlət Azərbaycan olub.
Azərbaycan qadını mərdliyi, mübarizliyi ilə daim tarixdə qalmağı bacarmağı ilə yadda qalıb. Əgər biz tarixə nəzər salsaq bizim Sara Xatun, Məshəti Gəncəvi, Xurşidbanu Natəvan, Şəfiqə Əfəndizadə, Sona xanım Vəlixan, Şəfiqə Axundova, Qeysər Kaşıyeva, Tahirə Tahirova, Hənifə Məlikova, Leyla Məmmədbəyova və sadalamaqla bitməz adlarını qızıl hərflərlə tarixə ,ədəbiyyata ,incəsənətə və müxtəlif sahələrə yazan Azərbaycanın görkəmli qadınları...
Azərbaycan qadını bu gün artıq ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır. O, taleyüklü milli məsələlərin həllinə sanballı töhfələr verir. Dövlət quruculuğunda onun yüksək ehtirama layiq mövqeyi bu gün qeyd edilən bayramı müstəqillik ideyası ətrafında sıx birləşən xalqımızın və cəmiyyətimizin bayramına çevirib.
Qadınlara olan dəyəri biz Hüseyn Cavidin bu misralarında çox dərindən hiss edirik:
“Qadın gülərsə şu ıssız mühitimiz güləcək, sürüklənən bəşəriyyət qadınla yüksələcək!”
Mustafa Kamal Atatürkün bu misraları isə qadının hər yerdə olan önəmini çox dərindən vurğulayır:
“Yer üzündə gördüyünüz hər şey qadının əsəridir, onlar varsa varsınız, yoxsa yoxsunuz”.
Və bu yazını oxuyan hər bir qadın unutma ki, sən bir baharsan! Dünyanın ən soyuq günündə, qış ayında belə içində hər daim çiçək açan, heç kim bilməsə də öz rəngini qoruyan, heç nə dəyişməsə də dəyişən…
8 Martın mübarək, bahar qoxulu insan! Dünyanı gözəlləşdirən, sevgisi və gücü ilə ilham verən ən dəyərli varlıq – qadın!
Aytac Mustafayeva