SpaceX missiyası təxirə salındı: Astronavtların Yerə qayıdışı gecikir

Tarix: 20:53 13.03.2025
NASA-SpaceX missiyası, iki "bloklanmış" astronavtın Yerə qayıtmasını təmin etməyi hədəfləyən uçuşun təxirə salındığını açıqlayıb.
Florida, Cape Canaveral Kosmik Qüvvələr Stansiyasından buraxılması planlaşdırılan Falcon 9 raketi hidravlik yer sistemində yaranan problem səbəbindən təxirə salınıb. Növbəti mümkün buraxılış cəhdi cümə axşamı axşam saatlarında olacaq.
Raket dörd yeni ekipaj üzvünü Beynəlxalq Kosmik Stansiyaya (ISS) aparmalı və Suni Vilyams və Butç Uilmorun Yerə qayıtmasına şərait yaratmalı idi.
Hər iki NASA astronavtı iyun ayında Boeinq kosmik gəmisilə fəzaya uçmuşdu, lakin gəmi təhlükəsiz hesab edilmədiyi üçün geri qayıda bilməyiblər. SpaceX missiyası ISS-ə çatdıqdan bir neçə gün sonra onların Yerə dönməsi mümkün olacaq.
NASA astronavtları 5 iyun 2024-cü ildə səkkiz günlük missiya üçün kosmosa yola düşüblər, lakin artıq doqquz aydan çoxdur ki, ISS-də qalaraq texniki xidmət və elmi təcrübələrdə iştirak edirlər.
Çərşənbə günü nəzərdə tutulan buraxılış onların bazar günü Yerə dönməsinə imkan yarada bilərdi.
SpaceX bildirib ki, uçuşun təxirə salınmasına səbəb sıxac qollarından birində hidravlik problemlərin aşkarlanması olub. Mühəndislər bu problemi həll etməyə çalışırlar, çünki qol buraxılış zamanı tam açıla bilməyə bilərdi.
Şirkət növbəti buraxılışın cümə günü saat 19:03-də (Şərq vaxtı ilə) və ya 23:03-də (GMT) planlaşdırıldığını açıqlayıb.
BBC
Nuray Qurbanlı