Kreml: Ukraynada hədəfimiz müvəqqəti atəşkəs deyil, uzunmüddətli sülh yolu ilə həll

Tarix: 20:56 13.03.2025
Kremlin Xarici Siyasət Müşaviri Yuriy Uşakov müvəqqəti atəşkəsin Ukrayna ordusu üçün sadəcə qısa müddətli bir fasilə olacağını bildirərək, “Hədəfimiz hələ də uzunmüddətli sülh yolu ilə həllə nail olmaqdır. Legitim maraqlarımızı nəzərə alan sülh yolu ilə bir həll üçün çalışırıq. Narahatlıqlarımız məlumdur,” – deyə vurğulayıb.
Rossiya-1 dövlət televiziyasına açıqlamalar verən Uşakov bildirib ki, dünən ABŞ-nin Milli Təhlükəsizlik Müşaviri Mayk Valtz onunla telefon əlaqəsi saxlayaraq Kiyev ilə əldə olunan razılaşma barədə məlumat verib. Uşakov, Valtz ilə mütəmadi əlaqə saxladığını qeyd edib.
O, ABŞ tərəfinə Rusiyanın Ukraynada müvəqqəti atəşkəsə dair mövqeyini çatdırdığını vurğulayıb və belə bir atəşkəsin Ukrayna ordusuna yalnız qısa müddətli bir nəfəs alma fürsəti verəcəyini bildirib.
Uşakov əlavə edib: “Hədəfimiz hələ də uzunmüddətli sülh yolu ilə həllə nail olmaqdır. Legitim maraqlarımızı nəzərə alan sülh yolu ilə bir həll üçün çalışırıq. Narahatlıqlarımız məlumdur. (Ukraynada) Sülh təşəbbüslərini təqlid edən bu cür addımlara heç kimin ehtiyacı yoxdur".
ABŞ-nin gələcək danışıqlarda Rusiyanın mövqeyini nəzərə alacağını ümid etdiyini bildirən Uşakov deyib: “Amerikalılar da, biz də inanırıq ki, NATO, Ukrayna məsələsinin həlli və bu ölkənin gələcəyi ilə bağlı müzakirələrdə iştirak etməməlidir".
ABŞ Prezidenti Donald Trampın Orta Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkofun Moskvaya gəlişi və onun Rusiya Prezidenti Vladimir Putinlə mümkün görüşü barədə suala cavab verməkdən imtina edən Uşakov vurğulayıb ki, ABŞ tərəfi ilə bu kimi təmasların məxfi saxlanması barədə razılıq əldə olunub.
Bundan əlavə, Uşakov bildirib ki, bu gün Putin müvəqqəti atəşkəslə bağlı daha konkret və fundamental qiymətləndirmələr verə bilər.
TRT XƏBƏR
Günel Verdiyeva