Jurnalistika fakültəsində "Günəbaxan" jurnalı təqdim olundu

Tarix: 21:42 13.03.2025
Bu gün, 13 mart tarixində BDU-nun Jurnalistika fakültəsində "Günəbaxan" uşaq jurnalının təqdimatı keçirilib. Jurnal fakültənin II kurs tələbələrinin təşəbbüsü və müəllimləri Aygün Əzimovanın təşkilatçılığı ilə hazırlanıb. "Günəbaxan" jurnalının ilk nömrəsi keçən il yayımlansa da, bu il daha da təkmilləşdirilmiş formada nəşr olunub.
Tədbirin gedişi barədə ümumi məlumatı fakültənin dekan müavini Samir Xalidoğlu verib. Daha sonra söz Milli Mətbuat Tarixi kafedrasının müdiri Cahangir Məmmədliyə verilib. O, jurnal və tələbələr haqqında ümumi fikirlərini bölüşüb.
Daha sonra tədbir fakültənin məzunu Əsgər İsmayılovun nitqi ilə davam edib. Qeyd edək ki, bu gün "Günəbaxan" jurnalı ilə yanaşı, həmin məzunun BDU-nun 105 illiyinə, fakültəmizin isə 55 illiyinə həsr etdiyi "Məbəd" adlı kitabının da təqdimatı baş tutub. Dekanımız Vüqar Zifəroğlu jurnal və "Məbəd" haqqında dəyərli fikirlərini bölüşmək üçün çıxışa dəvət olunub.
"Məbəd" kitabının müəllifi Əsgər İsmayılov "Günəbaxan" jurnalının ərsəyə gəlməsində əməyi olan Milli Mətbuat Tarixi kafedrasının müəllimi Aygün Əzimovanı da çıxış etməsi üçün dəvət edib.
O, hazırda uşaq ədəbiyyatı və mətbuatının inkişafına böyük ehtiyac olduğunu vurğulayaraq, tələbələrinin bu işi ərsəyə gətirməsindən qürur duyduğunu bildirib. O, həmçinin jurnalın davamlı olması üçün tələbələrinə dəstək verdiyini, digər ziyalılar da bu təşəbbüsə qoşularsa, daha böyük uğurların əldə ediləcəyini vurğulayıb.
Daha sonra jurnalın redaktoru, tələbə Nəzakət Sadıqova çıxış edib. Qonaqlardan dəyərli ziyalılar — Samir Ramizoğlu, Umud Rəhimoğlu, Namiq Əhmədov, Akif Aşırlı, Vasif Quliyev, Tahir Arzuoğlu da öz fikirlərini bölüşüblər. Müəllimlərimizdən Qərənfil Quliyeva və Xalidə Cəfərova da çıxış ediblər.
Sonda tədbir, jurnalın təşkilatçıları adından tələbə Ayxanın jurnal haqqında məlumat verməsi ilə başa çatıb.
Nigar Həsənzadə