Müdriklik nədir?-Müdrik insanın xüsusiyyətləri

Tarix: 23:27 13.03.2025
Müdriklik yalnız insanın zəkası və bilik səviyyəsi ilə deyil, həm də təcrübəsi, uzaqgörənliyi və özünü tanıması ilə ölçülür.
Mövzu ilə bağlı ilahiyyatçı Fazil Əhmədli “İnformator.az”a açıqlamasında bildirib ki, müdrik insanın fərqi yalnız zəkalı olmasında deyil, həm də təcrübə, uzaqgörənlik (gələcəyi dəyərləndirmə bacarığı) və özünü dərketmə — özünü tanıma — kimi dərin xüsusiyyətlərə sahib olmasındadır:
"Zəkalı insan problemi həll edə bilər, lakin müdrik insan həmin problemin yaranmasının qarşısını almağı bacarar.
İslam baxımından müdriklik yalnız dünyəvi məsələləri anlamaq deyil, insanın özünü tanıması və bunun vasitəsilə Allahı daha yaxşı dərk etməsidir. Həzrət Əli (ə) “Özünü tanıyan, Rəbbini tanıyır”,- deyərək bunu vurğulayıb. Həqiqi müdriklik insanın daxili gücünü, zəifliklərini və potensialını dərk edərək doğru yolu seçməsidir.
Müdriklik yalnız bilik və təcrübə ilə məhdudlaşmır, həm də mənəvi dərinliyi əhatə edir. İnsan özünü tanıdıqca, yalnız dünyada deyil, mənəviyyatında da daha möhkəm bir yol tutur.
Həqiqi müdriklik insanın yalnız xarici uğurları ilə deyil, daxili dərinliyi və mənəvi inkişafı ilə də böyüməsidir. Müdrik insan yalnız bilik və təcrübəsi ilə deyil, daxili sakitlik, ədalət, mərhəmət və səbir kimi xüsusiyyətləri ilə fərqlənir. O, hadisələri nəfsin prizmasından deyil, hikmətin prizmasından qiymətləndirir".
Müsahibimiz sözlərində müdrik insanın əsas xüsusiyyətlərindən də danışıb:
"Az danışıb çox düşünmək – Müdrik insanlar sözlərini diqqətlə seçir, onların hər ifadəsi dərin mənaya malik olur.
Səbirli və təmkinli olmaq – Onlar xırda şeylərə görə özlərindən çıxmaz, çünki geniş dünyagörüşünə sahibdirlər.
Başqalarının uğuruna sevinmək – Müdrik insan paxıllıq etməz, çünki bilir ki, hər kəsin öz yolu və nəsibi var.
Öz eqosunu idarə etmək – O, hər şeyi öz mənfəəti üçün yox, daha ali məqsədlər üçün edir.
Bağışlamaq – Onlar kin saxlamaz, səhvləri anlayışla qarşılayar və insanlara kömək edər.
Müdriklik illərlə qazanılan xüsusiyyətdir. Böyük alimlər də etiraf edirlər ki, nəfs üzərində tam qələbə qazanmaq olduqca çətindir. Bir alim deyir:
“Özümü o dərəcədə tərbiyə etmişəm ki, kimsə səhvən avtomobilimə çırpılsa, ona əsəbiləşmir, əksinə, halını soruşuram. Lakin hələ də məni tərifləyəndə xoşuma gəlməsindən qurtula bilməmişəm".
Bu nümunə göstərir ki, müdriklik təkcə biliyin çoxluğu deyil, eqonu aşmaq və nəfsin tərbiyəsidir. Müdrik insan tərif eşidəndə bunu zahirən rədd etməz, amma daxilən ona ehtiyac duymaz. Çünki bilir ki, bütün uğurların mənbəyi Allahdır.
Qurani-Kərimdə belə buyurulur:
“Sənə çatan hər bir yaxşılıq Allahdandır, başına gələn hər bir pislik isə sənin özündəndir”. (Nisa surəsi, 79-cu ayə)
Həqiqi müdriklik, insanın özünü tərk etməsindən başlayır – yəni eqo və nəfsi birinci yerə qoymamaq. O, etdiyi yaxşılıqları özündən bilməz, tərifi özünə aid etməz və özünü hər şeyin sahibi kimi görməz. Müdrik insan başa düşür ki, o, sadəcə bir vasitədir.
Quranda keçən bir başqa ayədə bildirilir:
“Kim hikmət verilibsə, ona çox böyük bir xeyir verilib”.(Bəqərə surəsi, 269-cu ayə)
Deməli, müdriklik sadəcə dünyəvi bir bacarıq deyil, həm də Allahın insana bəxş etdiyi böyük bir nemətdir.
Beləliklə, müdriklik qazanmaq istəyən insan öz üzərində daim çalışmalı, özünü tanımalı və təkəbbürü cilovlamalıdır. Bu, bir günlük deyil, ömürlük bir yolculuqdur.
Xanım Ağamalıyeva