“ABŞ Türkiyə ilə əməkdaşlığı genişləndirmək niyyətindədir”-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 21:57 06.05.2025

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ lideri Donald Trampla telefon danışığı aparıb.

 

Söhbət zamanı Ərdoğan Türkiyənin ABŞ ilə bir çox sahədə, xüsusilə də müdafiə sənayesində əməkdaşlığı inkişaf etdirmək üçün addımlar atmağa davam edəcəyini bildirib. Danışıq zamanı Ərdoğan ABŞ liderini Türkiyəyə dəvət edib.

 


Mövzu ilə bağlı politoloq Oqtay Qasımov "İnformator.az"a açıqlamasında bildirib ki,  Türkiyə Prezidenti ilə Amerika Prezidenti arasında baş tutan telefon danışığı ikitərəfli münasibətlər baxımından çox önəmli bir hadisədir:

 


“Donald Trampın özünündə etiraf etdiyi kimi dünyada onun hörmət etdiyi liderlərdən biri də Türkiyə Prezidentidir. Onunla münasibətlərin mükəmməl olduğunu sosial şəbəkəsində qeyd etdi. Dünənki telefon danışığında müzakirə olunan məsələlər arasında öncəliklə üç böyük məsələ olduğunu deyə bilərik. Bunlardan birincisi Rusiya-Ukrayna savaşı, ikincisi Suriya məsələsi, üçüncüsü isə ikitərəfli münasibətlər və İran məsələsi idi. Eyni zamanda ikitərəfli münasibətlər çərçivəsində müdafiə sənayesi sahəsində əməkdaşlıq xüsusi rol oynayır. Türkiyə 2017-ci ildə Rusiyadan "S-400" hava hücumdan müdafiə sistemlərini aldığı üçün Amerikadan “F-35” təyyarələrinin lahiyəsindən kənarlaşdırılıb. Türkiyənin 1 milyard 300 milyon dollar vəsaiti də o zamandan geri qaytarılmayıb. Son 15 ildə Türkiyənin özünün müdafiə sənayesi sahəsində ciddi uğurlara imza atıb. Hazırda Türkiyə də dünyada bu sahədə ilk onluqda yer tutan dövlət statusundadır. Amerika Birləşmiş Ştatlarının da hazırkı siyasəti müəyyən dəyişikliklərə uğrayır”.

 

Politoloq qeyd edib ki, Türkiyənin önəmi də dünyada baş verən dəyişiklər fonunda ciddi şəkildə artmaqdadır:

 

“Tramp Administrasiyası Türkiyə ilə əməkdaşlığı genişləndirmək niyyətindədir. Yaxın zamanlarda Türkiyə Prezidentinin Amerikaya səfəri gözlənilir. Bu səfərdə ikitərəfli münasibətlərlə bərabər qlobal məsələrlərdə müzakirə olunacaq. Son dövrlər Ukrayna savaşı Yaxın Orta Şərqdəki məsələrlə bərabər, Hindistan-Pakistan arasındakı gərginliklərlə də dünyanın ciddi şəkildə diqqət mərkəzindədir. Bu məsələrin yoluna qoyulmasında, hər iki ölkənin də mühüm rolu olacaq”.

 

 

Nuray Əliyeva