Ərdoğan və Trampdan mühüm telefon danışığı -Nələr müzakirə edilib?

Bölmə: Siyasət › ,
Tarix: 22:04 06.05.2025

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ lideri Donald Trampla telefon danışığında Ukraynada sülhün təmin edilməsi, İranla danışıqlar və Qəzza zolağındakı vəziyyəti müzakirə edib.

 

Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə “İnformator.az”a açıqlamasında bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Trampın telefon danışığı çox önəmli xarakter daşıyır:

 

“Bu danışıq ərəfəsində Ərdoğan Trampı Türkiyəyə səfərə dəvət edib. Səfər ərəfəsində dövlət başçıları regionda və dünyada olan prosesləri, NATO daxilindəki prosesləri müzakirə edəcəklər. Trampın rəsmi səfəri Səudiyyə Ərəbistana planlaşdırılır. İsrailə səfər edəcəyi məlum olub. Ancaq bu və ya digər səbəbdən, yəni Vatikan rəhbəri Papanın vəfatı ilə əlaqədar, birinci səfəri Rim şəhərinə olub. Bundan əlavə, qeyd etmək lazımdır ki, bu telefon danışığı Tramp üçün çox vacib idi. Donald Tramp prezident seçkiləri öncəsi platformasında Rusiya-Ukrayna müharibəsinin bir gün üçün dayandırılması haqqında, o biri tərəfdən də İsrailin Həmasla olan gərginliyin aradan qaldırılması ilə əlaqədar birmənalı şəkildə bəyanat vermişdi. Sonradan bu Rusiya-Ukrayna müharibəsinin 100 gün ərəfəsində həll ediləcəyi haqqında belə bəyanatlar vermişdi. Ancaq bu günə qədər Trampın 100 günlük fəaliyyəti dövründə imzalanan müqavilə yalnız Ukraynanın mineral ehtiyatlarından istifadə ilə əlaqədardır. Orada da yalnız Ukraynanın suverenliyindən söhbət gedirdi".

 

Ekspertin sözlərinə görə, Trampın Ərdoğanla danışığı çox önəmlidir, çünki Türkiyə yeganə dövlətdir ki, Rusiyaya təsir imkanları böyükdür:

 

“Bildiyimiz kimi, taxıl sazişi var. Əsirlərin mübadiləsini alana qədər Ərdoğanın fəaliyyəti göz qabağındadır. Ondan başqa, Rusiya və Türkiyə arasında böyük iqtisadi müqavilələr var. Bu, Türk qazının yeganə layihəsidir ki, bu günkü gündə Rusiya qazını Avropaya çatdırır. Bu da Türkiyənin üzərindən keçirilir. Bundan başqa, Türkiyə ilə Rosatom arasında müqavilə var. Böyük ehtimalla Rusiya-Ukrayna müharibəsinin təsir imkanları azalıb. Ona görə də Tramp, Ərdoğanın bu gücündən istifadə etmək istəyir. Çünki Ərdoğanın Suriya ilə əlaqələri, Suriya proseslərinə müdaxiləsi və Əsədin qaçması Tramp tərəfindən çox yüksək qiymətləndirilib. Bu o deməkdir ki, Tramp Ərdoğanı dünya lideri kimi qəbul edir".

 

Asiman Vəliyeva