Cənubi Qafqazda Sülhə Doğru: Delimitasiya Ümidləri

Bölmə: Siyasət › ,
Tarix: 21:57 06.05.2025

Ermənistan hökuməti, bu günlərdə verdiyi açıqlamada delimitasiya məsələsində hər hansı fikir ayrılıqlarının olmadığını və müzakirələrin müsbət yöndə davam etdiyini bildirib. Bu bəyanat, regionda diqqət mərkəzinə çevrilib. Delimitasiya prosesinin uğurla tamamlanması, yalnız iki ölkə arasındakı münasibətləri deyil, həm də Cənubi Qafqazın təhlükəsizlik və inkişaf gələcəyini də təsir edə bilər. Lakin hələ də tərəflərin qarşısında bir sıra çətinliklər və həllini gözləyən məsələlər mövcuddur.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Aytən Qurbanova bildirib ki, sərhədlərin delimitasiyası hərbi toqquşma risklərini minimuma endirir və qarşılıqlı etimadın yaranması üçün ilkin şəraiti formalaşdırır:

 

"Təbii ki, Ermənistan tərəfinin delimitasiya ilə bağlı konstruktiv mövqe nümayiş etdirməsi regionda uzunmüddətli sülhün və sabitliyin təmin olunması üçün önəmli addımdır. İlk növbədə bu yanaşma tərəflər arasında ikitərəfli danışıqlar prosesinin uğurlu olduğunu göstərir. Delimitasiya prosesi çərçivəsində aparılan danışıqlar nəticəsində konkret nəticələr əldə edilməsi gərginliyin azaldılmasına, eləcə də region ölkələri arasında qarşılıqlı əməkdaşlıq imkanlarının artmasına şərait yarada bilər. Digər tərəfdən sərhədlərin delimitasiyası isə hərbi toqquşma risklərini minimuma endirir və qarşılıqlı etimadın yaranması üçün ilkin şəraiti formalaşdırır. Bu da öz növbəsində davamlı sülh və sabitliyin təmin olunması üçün zəruri addımlardır. Nəticə etibarilə, delimitasiya prosesinin uğurlu olması yalnız Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə Cənubi Qafqaz üçün mühüm əhəmiyyət kəsb edir".

 

Günel Verdiyeva