Heydər Əliyev – Tarix Yaradan Lider

Bölmə: Sosial › ,
Tarix: 01:05 10.05.2025

Bəşəriyyət yarandığı gündən böyük şəxsiyyətlərə, sərkərdələrə, onların əldə etdikləri şanlı qələbələrə şahid olub. Belə sərkərdələr tarixdə dahi, öndər, lider kimi öz layiqli yerlərini tutublar.

 

XX əsrdə siyasi sahədə sözünü demiş böyük şəxsiyyətlərdən biri də ümummilli liderimiz Heydər Əliyev olub. Onun həyat yolu, siyasi bacarıqları, iradəsi və xalqına olan sevgisi təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün nümunə olacaq səviyyədə idi. 

 

1923-cü il 10 may tarixində Naxçıvanda anadan olan Heydər Əliyevin həyat yolu sadə bir ailədən başlayaraq dövlət rəhbərliyinə qədər yüksəlib. Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutuna daxil olub, lakin oxuduğu illər İkinci Dünya Müharibəsi dövrünə təsadüf etdiyi üçün təhsilini yarımçıq qoyub. Bir neçə il sonra dövlət təhlükəsizliyi orqanlarında işə götürülüb, sonralar Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində qiyabi olaraq təhsil alıb.

 

1969-cu ildə Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. O dövrdə Azərbaycan SSR-də mövcud olan sosial-iqtisadi durğunluğa son qoyaraq, qısa zaman ərzində böyük islahatlara başlayıb. Onun təşəbbüsü ilə yüzlərlə sənaye müəssisəsi açıldı, kənd təsərrüfatı inkişaf etdirildı, minlərlə azərbaycanlı gəncin SSRİ-nin ali məktəblərində təhsil almasına şərait yaradıldı.

 

Ümummilli Liderimiz Azərbaycan dilini daim uca tutub. Dilimiz onun üçün olduqca vacib idi:

 

“Özümüzün dilimiz var – Azərbaycan dilidir. Çox da gözəl, zəngin dilimiz var. Çox ləzzətli dilimiz var. Mənim üçün Azərbaycan dili hər şeydən əzizdir. Millətim – milliliyini saxlayan onun dilidir".

 

Bu sözləri deyən Ümummilli Lider dilimizə olan məhəbbətini yalnız sözdə deyil, əməldə də göstərib. Sovet imperiyası dövründə, daha dəqiq desək, 1978-ci ildə Heydər Əliyevin təkidi ilə konstitusiyada belə bir dəyişiklik edilib: Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir. O, bu dəyişikliyi həyata keçirmək üçün Moskvadan razılıq almağı da bacarıb.

 

Məlum olduğu kimi, Ümummilli Lider Heydər Əliyev hələ respublikaya rəhbərlik etdiyi birinci dövrdə, yəni ötən əsrin 70-80-ci illərində Azərbaycanda təhsilə və gənclərin inkişafına xüsusi diqqət yetirirdi. O, Azərbaycanın inkişafında gənclərin rolunun böyük olduğunu düşünürdü. Məhz onun təşəbbüsü ilə həmin dövrdə gənclər üçün bir neçə yeni ali və orta məktəblər açıldı, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərildi.

 

Heydər Əliyev ədəbiyyatımıza da olduqca böyük dəyər verirdi. Hakimiyyətdə olduğu bütün dövrlərdə ədəbiyyatı nəinki iqtisadiyyatın, eləcə də siyasətin və gücün ayağına vermədi. “Ən çox sevdiyiniz şair kimdir?” sualına – Şəhriyar, “Ən çox sevdiyiniz şeir?” sualına isə Səməd Vurğunun “Azərbaycan” şeiri cavabını verib. Onun üçün bu adlar, bu əsərlər “Azərbaycan” demək idi. Şəhriyar sevgisi, “Azərbaycan” şeirinə kövrəlib ağlaması, Hüseyn Cavidin nəşinin vətənə qaytarılması, sənətkarlara qoydurduğu abidələr, keçirilən yubileylər – hamısı millətinə yönəlik böyük sevgidən qaynaqlanırdı.

 

 

Heydər Əliyev Azərbaycanın gücüdür. Simvol və rəmz deyil – gücün özüdür!

 

O, təkcə sənətkarlara deyil, tarixdə iz qoyan şəxsiyyətlərə qarşı da həssas idi. Məhəmməd Əmin Rəsulzadə haqqında yüksək fikirlər səsləndirib, onun ideyalarını qəbul etməyənləri sərt tənqid edib. Faşistlərə qarşı qəhrəmancasına döyüşən, “Mixaylo” ləqəbi ilə tanınan Mehdi Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adı verilmədi. Lakin Heydər Əliyevin təkidindən sonra ona bu fəxri ad verilib.

 

1982-ci ildə SSRİ rəhbərliyinin tərkibinə daxil olaraq Sovet İttifaqı Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Bu, həmin dövrdə rus olmayan, üstəlik müsəlman bir şəxsin bu qədər yüksək vəzifəyə gəlməsi baxımından nadir hadisə idi. Moskvadakı fəaliyyəti dövründə də daim Azərbaycanın mənafeyini düşünüb.

 

1980-ci illər Heydər Əliyev üçün ən çətin illərdən biri oldu. Sevgili həyat yoldaşı Zərifə Əliyevanı itirməsi onun üçün ağır bir sarsıntı oldu. Necə ki siyasətdə sözünü dedi, eləcə də sevgi həyatında insanlara nümunə olan bir şəxsiyyət idi.

 

Nəhayət, 1991-ci il 18 oktyabr tarixində Heydər Əliyevin imzası ilə Azərbaycan Respublikasının müstəqilliyi bərpa olundu. 71 il sonra ilk dəfə xalqın illərlə qəlbində gizlətdiyi üçrəngli bayrağı Ümummilli Lider Naxçıvanda qaldırdı.

 

1991-ci ilin oktyabrından 1993-cü ilin iyununadək ölkədə cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər göstərdi ki, Azərbaycanı bu acınacaqlı vəziyyətdən yalnız Heydər Əliyev kimi müdrik və uzaqgörən lider xilas edə bilər. Xalqın təkidi ilə 1993-cü ildə Bakıya dəvət edildi və onun gəlişi ilə dövlət və xalq üçün yaranmış təhlükə aradan qalxdı.

 

Bu, onun ikinci hakimiyyət dövrü idi. Bu dövrdə də bir çox mühüm işlərə imza atdı. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” bu uzaqgörən siyasətin ən parlaq nümunəsi oldu.

 

1998-ci ilin 31 avqustunda ölkədən kənarda təhsil almış mütəxəssislərlə görüşündə o, belə deyib:

 

“Mən 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçiləndən sonra dərhal, birinci növbədə təhsil məsələləri ilə məşğul olmağa başladım. Bilirsiniz ki, mən o vaxta qədər də dövlət işində çalışmışdım. Azərbaycanda təhsilin, xüsusilə ali təhsilin vəziyyəti məni daim maraqlandırırdı... Məlum oldu ki, Azərbaycandan kənarda ixtisaslar üzrə ali təhsil almaq üçün 50 nəfərlik limit ayrılıb. Siyahını aldım, çox təəssüfləndim. Onların əksəriyyəti azərbaycanlı deyildi. Mən çalışdım və nail oldum ki, bir neçə ildən sonra xaricə göndərilənlərin 97-98 faizi azərbaycanlılar olsun".

 

Bu dahi şəxsiyyət haqqında danışarkən qeyd etmək lazımdır ki, Heydər Əliyevin xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri Azərbaycan tarixinin şanlı səhifələrində əbədi olaraq yazılıb. O, millətinin və dövlətinin ali mənafeyini öz fəaliyyətində hər zaman əsas prinsip kimi qəbul edib.

 

Ən böyük arzusu Qarabağın azad olunması idi. Təəssüf ki, bunu görmək nəsib olmadı. Ancaq əminəm ki, xalqımızın və Ali Baş Komandanın səyləri nəticəsində tarixi torpaqlarımız geri alındığı və bu gün Qarabağ erməni separatçılarından təmizləndiyi üçün onun ruhu şaddır!

 

Fatimə Şahverdiyeva