İlham Əliyev Budapeştdə mühüm iclasda çıxış edib-ŞƏRH

Tarix: 20:32 21.05.2025
Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclası başlayıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Sultan Zahidov bildirib ki, Macarıstandakı qeyri-rəsmi sammit Türk Dövlətləri Təşkilatının güclənməsi və hətta Avropaya doğru genişlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir:
"Bilirsiniz, Macarıstandakı qeyri-rəsmi sammit Türk Dövlətləri Təşkilatının güclənməsi və hətta Avropaya doğru genişlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu da bir daha göstərir ki, bu qurumu yalnız türkdilli dövlətlər deyil, eyni zamanda türk dünyası ilə müəyyən tarixi və mədəni dəyərləri paylaşan dövlətlər də zənginləşdirə bilərlər. Macarıstan həm Azərbaycanla, həm Türkiyə ilə, həm də Orta Asiya ölkələri ilə yaxın strateji əlaqələrə malikdir. Eyni zamanda, Macarıstan Mərkəzi Asiya, Qafqaz və Türkiyəni özündə birləşdirən, eləcə də Türkiyə və Avropanı əlaqələndirən nəqliyyat-kommunikasiya xəttinin bir hissəsidir. Macarıstan Azərbaycanın əsas strateji tərəfdaşı olmaqla yanaşı, artıq ötən ildən etibarən ölkəmizdən qaz idxal edən dövlətlərdən biridir. Bundan əlavə, Macarıstan Azərbaycanın Avropadakı ən yaxın dostlarından biri sayılır. Bu baxımdan prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan Macarıstanla tərəfdaşlığa həmişə böyük əhəmiyyət verib. Macarıstanın Türk Dövlətləri Təşkilatında müşahidəçi statusuna malik olması isə ölkəmiz üçün sevindirici haldır. Aydındır ki, Macarıstan hələlik təşkilatın tamhüquqlu üzvü deyil, lakin proseslər bu templə davam edərsə, gələcəkdə onun da üzv olması istisna deyil. Baxmayaraq ki, Macarıstan türk dilli dövlət sayılmır və bu müəyyən mənada maneə kimi görünə bilər, yenə də proseslərin inkişafı bu səviyyəyə çata bilər ki, ölkə təşkilata üzvlük üçün müraciət etsin. Azərbaycan Prezidentinin çıxışı, şübhəsiz ki, ölkəmizin artıq yüksək olan statusuna əlavə dəyər qatdı. Prezident bir daha ölkəmizin Türk Dövlətləri Təşkilatı çərçivəsindəki mövqeyini bütün dünyaya bəyan etdi və təşkilatın güclənməsi, böyüməsi, inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini bildirdi. Qeyd etmək lazımdır ki, bu günə qədər Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv ölkələrə 20 milyard dollardan çox investisiya yatırıb. Bu da ölkəmizin üzv dövlətlərlə əməkdaşlığa nə qədər böyük önəm verdiyini göstərir. İstənilən görüş, istər rəsmi, istər qeyri-rəsmi olsun, türk dövlətləri arasında siyasi, iqtisadi, humanitar və sosial-mədəni əməkdaşlığı daha da möhkəmləndirir. Əsas odur ki, bu cür görüşlərdə real nəticələr əldə olunsun. Hesab edirəm ki, bu görüş də əvvəlki sammitlər qədər əhəmiyyətli qərarlarla yadda qalacaq. Baxmayaraq ki, bu qeyri-rəsmi zirvədir, zaman-zaman elə qüvvələr ortaya çıxır ki, türk dünyası daxilindəki inteqrasiya proseslərini əngəlləməyə çalışırlar. Bu onların maraqlarına uyğun deyil. Bunu son illərdə də aydın şəkildə müşahidə etmişik. Amma bu kimi görüşlərin tez-tez keçirilməsi ona görə də vacibdir ki, birincisi, türk dünyası daxilində birlik və həmrəylik güclənir, ikincisi isə, destruktiv qüvvələrə qarşı dövlətlər birgə addımlar atmaq, məlumat mübadiləsi aparmaq və mövqelərini uzlaşdırmaq imkanına malik olurlar. Bu baxımdan, düşünürəm ki, təşkilatın funksionallığı, gördüyü işlər və gələcəkdə daha da dərinləşəcək inteqrasiya prosesi hər bir üzv ölkə üçün xüsusi əhəmiyyət daşımalıdır".
Qəmər Kazımzadə