Qazaxıstan Əfqanıstana dəstəyi artırır

Tarix: 17:29 17.07.2025
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Əfqanıstan üzrə xüsusi nümayəndəsi Yerkin Tukumovla görüş keçirib. Görüşdə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti müzakirə olunub və əlaqələrin dərinləşdirilməsi istiqamətində planlar müəyyən edilib.
Prezident Tokayev Tukumovun Kabil ilə münasibətlərin, xüsusilə də ticarət, iqtisadiyyat və humanitar sahələrdə inkişaf etdirilməsində mühüm rol oynadığını vurğulayıb. Dövlət başçısı Əfqanıstanda sülh və sabitliyin təmin olunması üçün Qazaxıstanın humanitar və təhsil proqramlarını davam etdirəcəyini bir daha bəyan edib.
Tokayev bildirib ki, Əlmatıda yerləşən BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə Regional Mərkəzindən Mərkəzi Asiya və Əfqanıstan üzrə birgə regional təşəbbüslər üçün əsas platforma kimi istifadə olunmalıdır.
Prezident qeyd edib ki, Qazaxıstan Əfqanıstanda uzunmüddətli sabitliyin yaradılmasına yönəlmiş səyləri dəstəkləməyə davam edəcək. Eyni zamanda, iki ölkə arasında əməkdaşlıq infrastruktur layihələrini də əhatə edəcək.
Qeyd edək ki, Qazaxıstan və Əfqanıstan yaxın günlərdə Mərkəzi və Cənubi Asiyanı birləşdirəcək dəmir yolunun inşası və istismarı ilə bağlı əsas prinsipləri müəyyən edən memorandum imzalayıblar. Bu layihə regional əlaqələrin və iqtisadi inteqrasiyanın gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Bu görüş Qazaxıstanın Əfqanıstanın bərpası və regional reinteqrasiyasına verdiyi dəstəyin artdığını və ölkənin konstruktiv diplomatiya və hədəflənmiş yardım vasitəsilə regionda mühüm rol oynadığını bir daha nümayiş etdirir.
ANEWZ
Güllər Gülhüseynova