Avroviziya-2025: Azərbaycanın İsrailə 12 Xalı və Tənqidlərin Siyasi Tınısı

Bölmə: Siyasət › ,
Tarix: 20:43 21.05.2025

“Avroviziya-2025” mahnı müsabiqəsində Azərbaycanın İsrailə 12 xal verməsi Türkiyədə geniş müzakirələrə səbəb olub. İsrail mediası bu addımı strateji tərəfdaşlıq jesti kimi dəyərləndirsə də, Türkiyə ictimaiyyəti, xüsusilə Fələstin məsələsində həssas yanaşması ilə, bu səsverməyə tənqidi yanaşıb. Bu məsələ "Avroviziya"nın sadəcə musiqi yarışması yox, həm də geosiyasi və diplomatik arenaya çevrilməsi kontekstində dəyərləndirilməlidir. Azərbaycan isə hər zaman olduğu kimi, dövlət maraqlarına əsaslanan müstəqil xarici siyasət yürütməkdədir.

 

Azərbaycanın İsrailə “Avroviziya-2025”də 12 xal verməsi Türkiyədə niyə tənqid olunur, bu addımın siyasi-diplomatik mənası nədir və Azərbaycan–Türkiyə münasibətlərinə təsiri necə ola bilər?

 

Mövzu ilə əlaqədar politoloq Turan Rzayev "İnformator.az"a bildirib ki, “Avroviziya-2025” mahnı müsabiqəsində Azərbaycanın İsrailə 12 xal verməsi Türkiyədə birmənalı qarşılanmayıb:

 

" İsrail mediası bu addımı yüksək qiymətləndirərək, bəzi analitiklər və aparıcı KİV-lər tərəfindən “dostluğun və strateji tərəfdaşlığın göstəricisi” kimi təqdim olunub. Türkiyə ictimaiyyəti isə sosial şəbəkələrdə və ictimai diskursda Azərbaycanı tənqid edib. Hətta bəzi çevrələr bu addımı “Fələstin məsələsində İsraili dəstəkləmək” kimi qiymətləndiriblər.

 

Əvvəlcə qeyd edək ki, “Avroviziya” müsabiqəsi uzun illərdir yalnız musiqi yarışı deyil, həm də diplomatik və geosiyasi platforma funksiyasını yerinə yetirir. Bu baxımdan, 2016-cı ildə Ukrayna təmsilçisi Camalanın “1944” adlı mahnı ilə qalib gəlməsi buna bariz nümunədir. Mahnı Krım tatarlarının deportasiyasına həsr olunsa da, əslində 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqına işarə edir. Moskva bu nəticəni “siyasi” adlandıraraq sərt etiraz etmişdi. Daha sonra, Rusiya Ukraynaya hücum etdikdən sonra müsabiqədən uzaqlaşdırıldı. Elə həmin il Ukraynanın “Kalush Orchestra” qrupu xalq səsverməsində rekord sayda xal toplayaraq birinci oldu. Bu da bir çoxları tərəfindən həmrəylik jesti kimi dəyərləndirildi.

 

Türkiyə isə 2013-cü ildən bu yana “Avroviziya”da iştirak etmir. Rəsmi səbəb kimi səsvermə sisteminə etimadsızlıq göstərilsə də, əsl səbəbin Qərb dəyərlərinə qarşı siyasi mövqe və LGBT təbliğatına etiraz olduğu məlumdur.

 

Müsabiqənin siyasiləşməsinin digər göstəricisi Azərbaycana qarşı yanaşmalardır. 2008-ci ildən etibarən “Avroviziya”da iştirak edən Azərbaycan qısa müddətdə uğurlar qazanıb. 2011-ci ildə birinciliyə sahib olduq, sonrakı illərdə də bir neçə dəfə ilk beşliyə düşdük. Lakin xüsusilə 44 günlük Vətən müharibəsindən sonra nəticələr dəyişdi. Finala çıxsam da, yüksək nəticələr əldə etməyə imkan verilmədi. 2023 və 2024-cü illərdə isə ümumiyyətlə finala belə yüksələ bilmədik".

 

Ekspert əlavə edib ki, bütün bunlar fonunda Azərbaycanın ittiham olunması əsassızdır:

 

"Çünki müsabiqədə xalvermə əsasən geosiyasi və mədəni yaxınlığa əsaslanır. Skandinaviya və Balkan ölkələri bir-birinə davamlı olaraq yüksək xal verir. Yunanıstan və Kipr arasında isə bu dəstək demək olar ki, dəyişməzdir. Bu kontekstdə Azərbaycanın İsrailə 12 xal verməsi təəccüblü deyil.

 

Azərbaycanın bu addımı siyasi məna daşımır. Bəli, Azərbaycanın İsraillə strateji münasibətləri var – müdafiə sənayesi, enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq illərdir davam edir. Ancaq “Avroviziya” bu münasibətlərdən kənar bir platformadır. Azərbaycan əvvəlki illərdə də Gürcüstan, Yunanıstan, Latviya, Estoniya, Litva, Bolqarıstan, Serbiya və Xorvatiya kimi müxtəlif ölkələrə 12 xal verib. Qaldı ki, Türkiyə özü belə bir dəfə Ermənistana 12 xal verib.

 

Türkiyə ictimaiyyətinin bu məsələyə yanaşması emosional xarakter daşıyır. Hazırda Türkiyədə İsrailə qarşı sərt münasibət var və Fələstin məsələsinə həm dini, həm siyasi, həm də insani baxımdan yüksək həssaslıq mövcuddur. Belə bir vaxtda Azərbaycanın İsrailə 12 xal verməsi təbii olaraq mənfi reaksiya doğurub.

 

İsrail mediası və bəzi ekspertlər bu vəziyyətdən istifadə edərək məsələni qabardır və Türkiyə–Azərbaycan münasibətlərini sarsıtmaq məqsədi güdür. Onlar Türkiyə ictimaiyyətinin emosional reaksiya verəcəyini öncədən bilirdilər və bu gedişdən ustalıqla faydalanıblar.

 

Şübhəsiz, Türkiyə Azərbaycanın qardaş ölkəsidir. Eyni zamanda, Azərbaycan çoxvektorlu xarici siyasət yürüdür – Avropa, Çin və müsəlman ölkələri ilə balanslı münasibətlər saxlayır. Azərbaycan nə İsrailin, nə də başqa bir ölkənin tərəfində yer alır. Bakı bu gün dövlət maraqlarına əsaslanan müstəqil və praqmatik xarici siyasət həyata keçirir. Bu siyasətin məqsədi milli maraqları qorumaq və dost-qardaş münasibətlərini zədələməməkdir".

 

Türkan Kərimli