“Əminə Əliyevanın dünya çempionu olması motivasiyaedici bir hadisədir”

Bölmə: İdman › ,
Tarix: 21:21 21.05.2025

"Azərbaycan milli komandası Perugia şəhərində keçirilən kunq-fu üzrə dünya çempionatında çox uğurlu və qürurverici nəticə göstərib. Həm fərdi kateqoriyalarda, həm də komanda səviyyəsində qazanılan qızıl, gümüş və bürünc medallar idmançılarımızın yüksək hazırlıq səviyyəsini, əzmini və peşəkarlığını əks etdirir".

 

Bu sözləri Kung-Fu Federasiyasının baş katibi Nurlana Ağakişiyeva “İnformator.az"a açıqlamasında deyib.

 

Müsahib qeyd edib ki, bu nəticə Azərbaycanın döyüş növlərində beynəlxalq aləmdəki nüfuzunun artdığını və idman sahəsinə göstərilən dövlət qayğısının real nəticələr verdiyini sübut edir:


"Əminə Əliyevanın dünya çempionu olması yalnız idman uğuru deyil, həm də simvolik və motivasiyaedici bir hadisədir. Prezident ailəsinə məxsus bir gənc xanımın idmanda bu səviyyəyə çatması ölkədə qadın idmanına diqqətin artmasına səbəb olacaq. Bu, xüsusilə valideynlərə və gənc qızlara mesaj verir ki, qadınlar da idmanda uğur qazana bilər və bu sahədə dəstəyə dəyər. Belə bir nümunə, qadınların döyüş idman növlərinə marağını artıracaq, gender bərabərliyini təşviq edəcək və yeni idmançı nəslin yetişməsinə müsbət təsir göstərəcək".

 

Müsahibimizin sözlərinə görə, bu cür beynəlxalq uğurlar ölkə daxilində döyüş növlərinə marağın artmasına mühüm təkan verir:

 

"Gənclər və yeniyetmələr çempionları örnək götürərək idmana yönələcək, idman məktəblərinə axın çoxalacaq. Eyni zamanda, uğur təcrübəsi məşqçi heyəti və federasiya üçün motivasiya və məsuliyyət yaradır – onlar daha peşəkar və sistemli şəkildə hazırlığa yanaşacaqlar. Gələcəkdə bu uğurların davamlılığı üçün idman infrastrukturunun gücləndirilməsi və istedadlı gənclərin erkən yaşlardan dəstəklənməsi vacib olacaq. Belə nəticələr həm də beynəlxalq turnirlərə daha geniş heyətlə qatılmağı stimullaşdıracaq".

 

Zəhra Möhübbətova