Regiondakı təhsilə şəhərdəki təhsil arasındakı əsas fərq

Tarix: 19:45 22.05.2025
Regionlarda təhsil imkanları ilə şəhər mühitindəki imkanlar arasında hələ də ciddi fərqlər mövcuddur. Şəhərlərdə təhsil müəssisələrinin texniki təminatı, müəllim heyətinin keyfiyyəti və əlavə tədris resursları daha geniş olsa da, region məktəblərində bu sahələrdə bir sıra çatışmazlıqlar müşahidə edilir.
Mövzu ilə bağlı təhsil eksperti Cahid İmanlı "İnformator.az" a açıqlamasında bildirib ki, şübhəsiz ki, şəhərlərdə daha müasir məktəblər, texnoloji avadanlıqlar mövcuddur, eləcə də peşəkar müəllimlər daha çoxdur:
"Regionlarda isə bir çox məktəbin binası köhnədir, istilik sistemi zəifdir və tədris avadanlıqları yoxdur, həm də ixtisaslı pedaqoqların çatışmazlığı mövcuddur. Şəhərlərdə rəqabət mühitinin güclü olması da şagirdləri motivasiya edir. Şəhərdə şagirdlərin əlavə olaraq hazırlıq kurslarında, müxtəlif layihələrdə, dərnəklərdə, incəsənət məktəblərində iştirak etmək imkanı vardır. Açığı bu gün kəndlərdə çox az sayda əhali qalıb. Şagird sayı az olduğu üçün bir çox məktəblərdə paralel siniflər ləğv olunur, hətta 2 fərqli sinif birləşdirilir. Elə hallar var ki, kənd yerlərində müasir, yeni məktəb tikilsə də, orada nəzərdə tutulduğundan xeyli az şagird olur. Dərs saatının azlığına görə müəllimlər də kənddə işləmək istəmirlər. Bütün bunlar da tədrisin keyfiyyətini aşağı salır və "kənd məktəbi" anlayışı yaradır. Hansı ki, məktəbin kəndi, şəhəri olmamalıdır. Mövcud vəziyyətdə ilkin real təklif aşağıdakılardır.
1.Regionlara göndərilən müəllimlərə daha yüksək maaş və sosial güzəştlər verilməlidir.
2.Onlayn platformalar vasitəsilə şagirdlər üçün distant dərslər və təlimlər təşkil edilməlidir".
Ayşən Səlimova