Qəzzada ölənlərin sayı artır, beynəlxalq qınamalar güclənir

Tarix: 23:11 22.05.2025
Bu gün səhər saatlarından bəri İsrailin Qəzza zolağında həyata keçirdiyi hücumlar nəticəsində azı 51 nəfərin həyatını itirdiyi bildirilir. İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilində yerləşən Cenin qaçqın düşərgəsinə baş çəkən xarici diplomatlara “xəbərdarlıq atəşi” açmasından sonra beynəlxalq ictimaiyyətin qınaqları daha da güclənib.
BMT-nin baş sözçüsü Qəzzaya nəhayət çatdırılan məhdud humanitar yardımın bölgənin aclıq içində olan əhalisinin ehtiyaclarını qarşılamaq üçün “qətiyyən yetərli olmadığını” bildirib. Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, müharibə başlayandan bəri İsrailin hücumları nəticəsində azı 53,655 fələstinli həlak olub, 121,950 nəfər isə yaralanıb. Hökumət Media İdarəsi isə ölənlərin sayının 61,700-dən çox olduğunu açıqlayıb. Qeyd edilib ki, dağıntılar altında qalan minlərlə insanın da öldüyü güman edilir.
2023-cü il oktyabrın 7-də HƏMAS-ın təşkil etdiyi hücumlar zamanı İsraildə 1,139 nəfər öldürülmüş, 200-dən çox insan isə girov götürülüb.
Selcan Əhmədli
Mənbə: Al Jazeera