Naxçıvanda zəhərlənmə hadisəsi- Səbəb nədir?

Tarix: 23:12 22.05.2025
Naxçıvanda kütləvi zəhərlənmə qeydə alınıb.
Bu barədə Mərkəzin həkimi Nəzmin Allahverdiyeva jurnalistlərə məlumat verib.
Həkimin sözlərinə görə, Naxçıvan MR-in Yoluxucu Xəstəliklər Mərkəzinə qida zəhərlənməsi şübhəsi ilə yeddi nəfər yerləşdirilib.
O bildirib ki, xəstələr ürəkbulanma, qusma, ishal, qarın ağrısı və ümumi halsızlıq kimi şikayətlərlə müraciət ediblər.
Məsələ ilə bağlı qida eksperti Ağa Salamov “İnformator.az”a açıqlamasında bildirib ki, müştəri çox olduqda, şişə taxılan ət və ya toyuq məhsulunun tələsik şəkildə, tam bişmədən verilməsi qida zəhərlənməsinə səbəb ola bilər:
“Burada qida zəncirindəki pozuntular nəticəsində zəhərlənmə baş verib. Ət məhsullarının düzgün şəkildə ayrılmaması və mal qonşuluğunun pozulması nəticəsində çarpaz çirklənmə yaranıb və bu, istehlakçıların zəhərlənməsinə gətirib çıxarıb. Buna görə müəssisəyə daxil olan ət məhsullarının mənşəyi məlum olmalı, baytarlıq sənədi və sertifikat tələb olunmalıdır. Ət məhsullarının saxlanma şəraiti vacibdir — müəssisə mütləq yaxşı işləyən soyuducularla təchiz olunmalıdır. Bundan əlavə, səthlər dərin şəkildə və mütəmadi olaraq təmizlənməlidir. Həmçinin ət məhsullarının uzun müddət otaq temperaturunda qalması da qida zəhərlənməsinə səbəb ola bilər.
Bunu da qeyd etməliyəm ki, müştəri sayı çox olduqda, şişə taxılan ət və ya toyuq məhsulunun tələsik şəkildə, tam bişmədən verilməsi zəhərlənmə riskini artırır”.
Fatimə Şahverdiyeva