ABŞ bir sentlik sikkələrin zərbini dayandıracaq

Bölmə: Dünya › ,
Tarix: 21:06 22.05.2025

ABŞ Xəzinədarlığı 200 ildən artıq tarixə malik bir sentlik sikkələrin zərb edilməsini dayandıracaq. Bu qərarın 2026-cı ilin əvvəlindən etibarən qüvvəyə minməsi gözlənilir.

 

Bu barədə The Wall Street Journal (WSJ) məlumat yayıb. Məlumata görə, bir sentlik sikkənin istehsalı hökumətə 4 sentə başa gəlir. Yəni onun istehsalı real dəyərindən daha baha başa gəldiyi üçün sikkənin dövriyyədən tədricən çıxarılması qərara alınıb.

 

Rəsmilər bildirirlər ki, bu addım illik təxminən 56 milyon dollar dövlət vəsaitinə qənaət etməyə imkan verəcək.

 

Bir sentlik sikkələrin dövriyyədən çıxarılmasından sonra mağaza və xidmət sahələri qiymətləri 5 sentə qədər yuxarı və ya aşağı yuvarlaqlaşdırmalı olacaqlar. Bununla belə, mövcud sikkələr hələ də nağd ödənişlər zamanı qanuni ödəniş vasitəsi kimi qəbul ediləcək.

 

Qeyd edək ki, ABŞ-də bir sentlik sikkələr ilk dəfə 1793-cü ildə zərb olunmağa başlanılıb.

 

Mənbə: Caliber

Aytən Ağazadə