Böyük Britaniya Çaqos adalarının suverenliyini Mavrikiyə təhvil verir

Tarix: 23:04 22.05.2025
Böyük Britaniya Çaqos adaları üzərindəki nəzarəti Mavrikiyə təhvil verən razılaşma imzalayıb. Britaniya hökuməti bu razılaşmanın ABŞ-Birləşmiş Krallıq hərbi bazasının gələcəyini qorumaq üçün vacib olduğunu bildirib.
Çaqos adaları Hind okeanında yerləşən arxipelaqdır və onun ən böyük adası olan Dieqo Qarsiya ABŞ-nin dəniz və hava bazasına ev sahibliyi edir. Razılaşmaya əsasən, Birləşmiş Krallıq həmin bazanı yenidən icarəyə götürmək üçün Mavrikiyə hər il 120 milyon avro ödəyəcək. Bu icarə ən azı 99 il davam edəcək. Baş nazir Kir Starmer bildirib ki, bu baza “evdə təhlükəsizliyimizin və müdafiəmizin təməlindədir” və terrorla mübarizə və kəşfiyyat üçün həyati əhəmiyyət daşıyır. O deyib: “İndi öz şərtlərimizlə bu razılaşmanı əldə etməklə, pis niyyətli təsirlərdən qorunma da daxil olmaqla güclü müdafiələr təmin edirik. Bu baza gələcək əsrlərdə də fəaliyyətini davam etdirə biləcək və bizi nəsillər boyu təhlükəsiz saxlayacaq". Bəzi tənqidçilər hesab edir ki, 200 ildən çox Britaniya nəzarətində olan adaların verilməsi Çin və Rusiya kimi ölkələrin müdaxiləsinə şərait yarada bilər. Müxalifət lideri Kemi Badenox isə deyib: “Biz Britaniya ərazisini təhvil vermək üçün pul ödəməməliyik". Bu razılaşma 1960-70-ci illərdə hərbi baza tikmək üçün adalardan çıxarılmış yerli sakinlərin narazılığına səbəb olub. Razılaşma cümə axşamı səhər virtual mərasimdə imzalanmalı idi. Lakin iki Çaqoslu qadının məhkəməyə müraciəti nəticəsində müvəqqəti olaraq dayandırılıb. Daha sonra bu qərar ləğv olunub və sənəd imzalanıb.
Evronews
Billurə Quliyeva