Özgür Özeldən Ərdoğana Sərt Mesaj: “Dostlarımıza Cinayətkar Deyə Bilməzsiniz”

Tarix: 23:09 22.05.2025
Türkiyənin ana müxalifət partiyası CHP-nin sədri Özgür Özəl “X” hesabında paylaşım edib:
Ey Ərdoğan!
“Heç bir cinayət törətməyən dostlarımıza “ahtapot”, “cinayət təşkilatı” deyirsiniz. İnsanların hüquqlarını pozmaqdan çəkinmirsiniz.
Özünə arxayınsan və cəsarətin varsa, gəlin, məhkəməni TRT-də canlı yayımlayaq. Kimin günahsız, kimin böhtan atdığına bütün Türkiyə şahid olsun!”
Məsələ ilə bağlı politoloq Oqtay Qasımov “İnformator.az”a verdiyi açıqlamada bildirib ki, Türkiyədə hazırda baş verənlərə münasibət, həmin dövlətlərin Türkiyəyə münasibətindən asılıdır:
“Türkiyə daxilində baş verən hadisələr, sözsüz ki, hüquqi müstəvidə öz həllini tapmalıdır. Nəzərə alaq ki, martın 19-da İBB-nin sədri Əkrəm İmamoğlunun həbsi dünyada böyük reaksiyalara səbəb oldu və bu hadisəyə müxtəlif prizmadan yanaşıldı. Bəzi ölkələr, o cümlədən beynəlxalq təşkilatlar bu hadisədən Türkiyənin əleyhinə istifadə etməyə çalışdılar. CHP-nin son bəyanatı daxili auditoriyaya yönəlsə də, şübhəsiz ki, ana müxalifət partiyası kimi onun bəyanatları beynəlxalq aləmdə diqqətlə izlənir.
Sözsüz ki, Türkiyədə bir çox məsələlər var ki, onların baş verməsi ölkənin beynəlxalq nüfuzuna mənfi təsir edir. Lakin qeyd olunan proses siyasi olduğu qədər hüquqi prosedurlarla da müşayiət olunur və məhkəmə qərarını gözləmək lazımdır.
Bu baxımdan, əlbəttə ki, Türkiyədə baş verənlərə münasibət, ölkənin həmin dövlətlərlə münasibətlərindən asılıdır. Şübhəsiz ki, bu məsələdən sui-istifadə etməyə çalışan dövlətlər də mövcuddur".
Fatimə Şahverdiyeva