Serbiya bu dəfə də Putini məyus etdi?-“Bu, kürəyə saplanan xəncərdir”

Bölmə: Siyasət › ,
Tarix: 21:22 30.05.2025

Belqradın neytrallığını elan etməsinə baxmayaraq, Serbiya müdafiə müəssisələri Kiyevi sursatla təmin etməkdə davam edir.

Bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.

 

“Ölkənin hərbi sənayesi Rusiyanı kürəyindən vurmağa çalışır. Serb müdafiə müəssisələri, rəsmi Belqradın elan etdiyi neytrallığa baxmayaraq, Kiyevə sursat tədarükünü davam etdirir. Xüsusilə, antirusiya hərəkətlərinin gizlədilməsi üçün saxta son istifadəçi sertifikatlarından və vasitəçi ölkələrdən istifadə edilən sadə bir sxem var. Sonunculara ən çox NATO ölkələri – ilk növbədə Çexiya, Polşa və Bolqarıstan daxildir”, – qeyd olunub.

 

Mövzu ilə bağlı Milli Məclisin deputatı, politoloq Elşad Mirbəşiroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiyanın Xarici Kəşfiyyat Xidməti bəyan edib: Serbiya hərbi-sənaye kompleksi Ukraynanı silah-sursatla təmin edir:

 

“Xidmət bu addımı ‘Rusiyanın kürəyinə saplanan xəncər’ kimi qiymətləndirib.

Qeyd edək ki, bu, ilk hal deyil. Mediada dəfələrlə Serbiya istehsalı olan silahların Ukraynada aşkar edildiyinə dair məlumatlar yer alıb. Ötən ilin yayında Böyük Britaniya mənbələri bildirdi ki, Serbiya Ukraynaya böyük həcmdə silah-sursat göndərib. Həmin dövrdə Serbiya Prezidenti Aleksandar Vuçiç təxminən 800 milyon dollar dəyərində müqavilənin mövcudluğunu təsdiqləyib.

 

Hazırda da Serbiya rəhbərliyi bu məlumatları dolayısı ilə təsdiq edir. Prezident Vuçiç bildirib ki, ölkənin hərbi-sənaye kompleksində 24 mindən artıq insan çalışır və bu sahənin fəaliyyətini davam etdirməsi Serbiya iqtisadiyyatı üçün mühüm əhəmiyyət daşıyır. O, qeyd edib ki, Ukraynaya silahların ötürülməsi birbaşa deyil, üçüncü ölkələr vasitəsilə baş verir. Həmçinin vurğulayıb ki, bu məsələ Rusiya Prezidenti Vladimir Putinlə müzakirə olunub. Lakin hansı mövzularda danışıqlar aparıldığı açıqlanmayıb.

 

Vuçiç əlavə edib ki, Serbiya ilə Rusiya arasında məsələnin araşdırılması üçün birgə işçi qrupu yaradılacaq. Prezident bildirib ki, gələcəkdə hərbi məhsulların satışı ilə bağlı müqavilələr imzalanarkən həmin silahların Rusiya–Ukrayna münaqişə bölgəsinə düşməsinin qarşısı alınacaq və bu proses nəzarətdə saxlanılacaq.

 

Bu açıqlamalar, əslində, Serbiyanın Ukraynaya silah ötürməsini dolayı yolla etiraf etməsi kimi qiymətləndirilə bilər. Halbuki belə vəziyyət əvvəlcədən nəzarət altına alınmalı idi. Adətən, münaqişə tərəfləri öz hərbi məhsullarının düşmən və ya rəqib ölkələrin əlinə keçməməsi üçün xüsusi nəzarət mexanizmləri tətbiq edirlər. Silah alan üçüncü ölkələr də bu məsələ ilə bağlı öhdəlik götürərək, məhsulun münaqişə bölgəsinə çatdırılmayacağına zəmanət verə bilərlər. Görünür, Serbiya bu istiqamətdə effektiv tədbirlər görməyib.

 

Rusiya tərəfi isə baş verənləri açıq şəkildə xəyanət kimi dəyərləndirir. Bu ittiham Prezident Vuçiçi ciddi narahat edib. Qeyd etmək lazımdır ki, o, Avropa liderləri arasında Vladimir Putinlə birbaşa təmasda olan azsaylı fiqurlardan biridir. Avropa İttifaqının təzyiqlərinə baxmayaraq, Vuçiç bu il də 9 May Qələbə Paradında iştirak etmək üçün Moskvaya səfər edib. O, fərqli hava dəhlizindən istifadə edərək bütün maneələri aşaraq Rusiyaya çatıb".

 

Politoloq əlavə edib ki, Serbiya ilə Rusiya arasındakı əlaqələr kifayət qədər sıxdır:

 

“Serbiyanın qaz təchizatı tam şəkildə Rusiyadan asılıdır və Prezident Vuçiç dəfələrlə Moskvaya daha sərfəli qiymətlərlə qaz tədarükü ilə bağlı müraciətlər edib. Bütün bu faktlara baxmayaraq, Serbiya Ukrayna–Rusiya münaqişəsində neytral mövqe nümayiş etdirdiyini bildirir. Lakin hansı vasitə ilə olursa olsun, Ukraynaya Serbiya istehsalı olan silahların çatdırılması bu neytrallıq bəyanatları ilə ciddi şəkildə ziddiyyət təşkil edir.

 

Bu isə, faktiki olaraq, Serbiyanın Rusiyanın qarşı cəbhəsində yer aldığını göstərir. Belə bir vəziyyətdə ‘neytrallıq’ anlayışı reallıqdan uzaq görünür. Serbiya bu gün Rusiyaya hərbi baxımdan heç bir dəstək vermir, əvəzində Ukraynaya silah göndərirsə, bu artıq Serbiyanın tərəf kimi çıxış etdiyini göstərir. Və bu, humanitar deyil, birbaşa hərbi dəstəkdir.

 

Münaqişə nəzəriyyəsinə əsasən, hər hansı bir ölkə münaqişə tərəflərindən birinə dəstək verirsə, o da həmin münaqişənin birbaşa tərəfinə çevrilir. Rusiya Xarici Kəşfiyyat Xidmətinin məlumatına əsasən, Serbiya hazırda Rusiyanın qarşı cəbhəsində yer alan münaqişə tərəfidir. Bu isə Serbiyanın rəsmi bitərəflik bəyanatları ilə üst-üstə düşmür.

 

Bununla belə, ehtimal edilir ki, baş verənlər Rusiya–Serbiya münasibətlərində ciddi qırılma yaratmayacaq. Çünki Moskva belə məsələlərdə adətən strateji və təmkinli davranır. Rusiya Serbiya üzərində kifayət qədər təsir imkanlarına malikdir. Vuçiçin də məqsədi görünür ki, balanslaşdırılmış siyasət yürütməkdir. Lakin artıq Rusiya məsələyə qarşı daha sərt mövqe ortaya qoyur. Birgə işçi qrupunun yaradılması göstərir ki, Moskva Serbiya silahlarının Ukraynaya çatmasının qarşısını almaq üçün konkret tədbirlər görməyə hazırlaşır.

 

Hazırkı mərhələdə, nə Serbiya, nə də Rusiya üçün ikitərəfli münasibətlərin kəskinləşməsi məqsədəuyğun sayılmır".

 

Aytən Ağazadə