İsveç-Rusiya münasibətləri gərginləşir

Bölmə: Siyasət › ,
Tarix: 18:21 03.06.2025

Rusiyanın İsveçlə münasibətləri son dövrlərdə ciddi şəkildə gərginləşib. Rusiya Federasiyasının Stokholmdakı səfiri Sergey Belyayevin verdiyi məlumata görə, İsveçlə ikitərəfli siyasi əlaqələr tamamilə dondurulub, ticarət dövriyyəsi azalıb, mədəni və idman əlaqələri isə sıfır həddə endirilib. Bu fonda İsveçin Avropa İttifaqı və NATO çərçivəsində Rusiyaya qarşı “qeyri-dost” siyasət yürütməsi vurğulanır.


Mövzu ilə bağlı politoloq Əziz Əlibəyli “informator.az”a açıqlamasında bildirib ki, hazırkı geosiyasi vəziyyətdə İsveç-Rusiya münasibətlərinin yaxın zamanda tam şəkildə bərpası mümkün görünmür:


“Münasibətlərin tamamilə bərpası bu gün üçün real deyil. 2024-cü ildə yeni seçkilər nəticəsində İsveçin neytrallıq siyasətindən imtina etməsi və NATO-ya üzv olması münasibətlərin daha da soyumasına səbəb oldu. Ukrayna müharibəsi də İsveçin siyasi xəttində dönüş nöqtəsinə çevrildi”.


Politoloq vurğulayıb ki, iqtisadi münasibətlərdəki zəifləmə bir sıra sahələrdə daha çox hiss olunur:


“Xüsusilə avtomobil, telekommunikasiya və texnologiya sahələrində fəaliyyət göstərən İsveç şirkətləri Rusiya bazarını tərk edir və alternativ bazarlara yönəlirlər. Həmçinin, Rusiyadan xammal, kimyəvi məhsullar və metallara olan asılılıq İsveçin sənaye istehsalında xərcləri artırıb. Əvəzində, İsveç Avropa İttifaqı, Asiya və ABŞ bazarları vasitəsilə bu boşluğu kompensasiya etməyə çalışır”.


Əziz Əlibəyli hesab edir ki, İsveçin NATO-ya üzv olması ikitərəfli münasibətlərdə əsas dönüş nöqtəsi olub:


“Bu addım Rusiya üçün ciddi təhlükə siqnalıdır. NATO-nun şərqə doğru genişlənməsi Rusiyanın maraqlarına ziddir. İsveçin və Finlandiyanın NATO-ya daxil olması Baltik dənizində hərbi balansı dəyişdi və Rusiyanın özünü təhdid altında hiss etməsinə səbəb oldu. Hazırda Rusiya bu genişlənməni regionda sabitliyə qarşı təhlükə kimi qiymətləndirir. Məhz buna görə də, münasibətlərin gərgin qalacağı ehtimalı yüksəkdir”.


Solmaz Muradova