Kovalenko: Rusiya strateji təyyarə itkilərini bərpa edə bilməyəcək

Bölmə: Siyasət › ,
Tarix: 18:25 03.06.2025

Ukraynalı hərbi ekspert Aleksandr Kovalenko bildirib ki, Rusiya məhv edilən strateji bombardmançıları – Tu-95MS, Tu-22M3 və Tu-160 – bərpa edə bilməyəcək.

 

Onun sözlərinə görə, bu təyyarələr artıq istehsal olunmur və Rusiyanın “yeni” adlandırdığı modellər sadəcə sovet dövründən qalan modifikasiyalardır. Xüsusilə Tu-160-ların itkisi Rusiya üçün ciddi zərbədir.

 

Ekspert yaxın vaxtlarda daha çox sensasion məlumatların ortaya çıxacağını bildirib.

 

Qeyd edək ki, Ukrayna ordusu son günlərdə beş Rusiya aerodromuna PUA hücumu edərək 40-dan çox strateji təyyarəni məhv edib.

 

Mövzu ilə bağlı Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə “İnformator.az.” a açıqlamasında bildirib ki, təbii ki, iyun ayının birində Ukrayna PUA-larının Rusiyanın bombardımançı, strateji təyyarəsini məhv etməsi, Rusiyanın iqtisadiyyatına da zərbə vurur:

 

“Düşünmürəm ki, Rusiya bunu tezliklə əvəz edə biləcək. İkinci suala gəldikdə isə, müəyyən qədər zaman lazım olacaq. Qeyd etmək lazımdır ki, artıq Rusiya fikirləşməlidir ki, bombardımançı təyyarələrin saxlanması üçün yeni üsullar tapılmalıdır.
Cəbhədən xeyli uzaqda olmasına baxmayaraq, ukraynalılar bir il-yarım ərzində hazırlaşdıqları əməliyyat nəticəsində buna nail olublar.

 

Ancaq indi Ukrayna üçün müəyyən bir təhlükə yaranıb. Çünki Sumi və Xarkov vilayətlərində hücumlar planlaşdırır Rusiya. Bunun qarşısını almaq üçün artıq Ukrayna tərəfi həmin ərazilərdə xüsusi bəndlər tikir və Rusiyanın Ukrayna ərazisinə şiddətli hücumları ola bilər.

 

Yəni görünən odur ki, 40 təyyarə az bir rəqəm deyil. Strateji təyyarələrin məhv edilməsi — bəli, bəzi ekspertlər deyirlər ki, bunlar köhnəlmiş təyyarələr olub — ancaq buna baxmayaraq, əgər köhnəlmiş olsa belə, bu təyyarələr cəbhədən xeyli uzaqda saxlanılıb və qorunub.Rusiyanın bu təyyarələri bərpa etməsi üçün müəyyən qədər vaxt lazım olacaq."

Rüstəm Tağızadə əlavə edib ki, həmçinin bu təyyarələr nüvə daşıyıcısı kimi də nəzərdə tutulub və müxtəlif raketləri daşıya biliblər. Buna görə də artıq hava bazalı müdafiə strategiyası Rusiyada dəyişməlidir — eləcə də, ümumilikdə hərbi strategiya.

 

Və Rusiya–Ukrayna cəbhəsində biz yeni dalğalanmaları görə bilərik”.

 

Mahmudlu Ləman