Ukrayna Prezidentinin ofis rəhbəri ABŞ-yə səfər edəcək

Tarix: 18:26 03.06.2025
Ukrayna Prezidentinin ofis rəhbəri Andrey Yermak yaxın günlərdə ABŞ-yə səfər edəcək. Səfərin məqsədi rəsmi olaraq açıqlanmasa da, Prezident Volodimir Zelenski daha öncə ABŞ ilə iqtisadi və müdafiə sahələrində sazişlərin müzakirə olunduğunu bildirib.
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli "İnformator.az"a açıqlamasında bildirib ki, rəsmi Kiyev nəhayət ki, ABŞ-nin reallığa geri dönüşündən məmnun görünür:
"Çünki Tramp Admistrasiyası hakimiyyətə gəldiyi ilk günlərdən Rusiyanın yanında yer alan bir görüntü verməyə başlayıb. Hətta prezident Tramp Rusiya prezidenti Putinə rəğbətini qətiyyən gizlətmir. Eyni zamanda Ukrayna savaşına görə Rusiyanı deyil, rəsmi Kiyevi və Avropa dövlətlərini, özündən əvvəlki Bayden Admistrasiyasını günahlandırırdı. Buna paralel olaraq, Tramp Admistrasiyası Ukraynaya yönələn bütün hərbi dəstəyi dayandırıb. Ukraynaya təzyiq götərir ki, Rusiyanın maraqları çərçivəsində bir sülh sazişi imzalansın. Ancaq daha sonrakı mərhələdə Tramp və Putinin münasibətlərinin korlanması, Ukrayna müharibəsinin dayandırılması prosesində ABŞ və Rusiya arasında ziddiyyətlərin dərinləşməsi situasiyanın dəyişməsinə yol açdı. Belə ki, Tramp Admistrasiyası nəhayət anladı ki, Rusiya ilə anlaşmaq o qədər də asan məsələ deyil. Rusiya istənilən halda yalnız öz maraqlarının ifadə olunmasına və yaxud da öz maraqlarının hər kəs tərəfindən qəbul olunmasında israr edir. Bu baxımdan ABŞ vasitəsilik missiyaslndan da imtina etdi. Bundan sonra təbii ki, situasiya tamamilə dəyişmiş oldu və rəsmi Kiyevin, yəni Zelenski hakimiyyətinin görmək istədiyi bir vəziyyət yarandı. İndi rəsmi Kiyev və Ağ Ev atasında əsasən iki önəmli məsələ müzakirə olunur. Bunun biri iqtisadi məzmun daşıyır və iqtisadi məzmun daşıyan məsələdə əsasən Ukraynanın təbii sərvətlərinin istismar hüququnun ABŞ-yə verilməsinə ilə bağlıdır. Burada 2-7 triliyon araslnda bir gəlir əldə oluna biləcəyi bildirilir və ABŞ artıq rəsmi Kiyevdən Ukrayna təbii sərvətlərinin istismar hüuquna dair saziş əldə edib. Hazırda həmin sazişin detalları, eyni zamanda həmin saziş üzrə fəaliyyət planı hazırlanır. Böyük ehtimalla Ukrayna rəsmi şəxslərinin Vaşinqtona səfəri nəticəsində bu məsələ ciddi şəkildə müzakirə olunacaq. Bu iqtisadi layihənin və yaxud da iqtisadi sazişin reallaşdırılması ilə bağlı atılmalı olan addımların müəyyən edilməsinə cəhd göstərəcəklər. İkinci önəmli məsələ isə yenə də ABŞ və Rusiya arasındakı münasibətlərin korlanması ilə Ukryana ABŞ-nin hərbi dəstəyinin bərpa olunmasına ümid etməsidir. Ukryana tərəfi bu səfər çərçivəsində hərbi təhlükəsizlik məsələlərinin müzakirəsinə cəhd göstərəcək. ABŞ-nin Ukraynaya hərbi dəstəyi bərpa etməsinin vacibliyini Ağ Evə inandırmağa çalışacaq. Əslində bu o qədər də çətin olmaya bilər. Çünki ABŞ siyasi dairələrində də Ukraynaya hərbi dəstəyinin önəmi vurğulanmağa başlayıb və belə bir meyilin olduğu müşahidə olunur. Böyük ehtimalla Ukrayna və ABŞ rəsmiləri arasında Ukraynaya hərbi dəstəyin verilməsi, hətta bu dəstəyin həcminin genişləndirilməsi barədə müəyyən müzakirələr, anlaşmalar ola bilər. Hesab etmək olar ki, Ukrayna üçün olduqca həlledici bir mərhələdir. Əgər təbii sərəvətlər sazişi üzrə iqtisadi əməkdaşlıq intensiv xarakter daşıyarsa, bu Ukraynaya maliyyə baxımdan indiki çətin dövrdə müəyyən gəlirlər gətirə bilər. Bu da Ukraynaın gələcək taleyi üçün böyük önəm daşıyır. İkinci məsələ üzrə əgər ABŞ-nin Ukraynaya hərbi dəstəyinin bərpası və genişləndirilməsi ilə bağlı prinsipial qərarların qəbuluna nail olunarsa, o zaman Ukraynanın Ruaiya ilə savaşda daha güclənmiş şəkildə iştirakı təmin olunar. Hər iki istiqamət üzrə ABŞ və Ukrayna arasında daha dərin strateji tərəfdaşlığın əldə olunmağı o qədər də gözlənilməz deyil. Bu halda Rusiya üçün ciddi problemlərin yaranacağı da qətiyyən şübhə doğurmur".
Billurə Quliyeva