İtaliyadakı Tuscia Universitetində böyükmiqyaslı yanğın baş verib

Tarix: 21:20 04.06.2025
İtaliyanın Viterbo şəhərində yerləşən Tuscia Universitetində səhər saatlarında yanğın baş verib.
Milli mətbuatda yayılan xəbərlərə görə, paytaxt Roma şəhərindən 80 kilometr şimalda yerləşən Viterbo şəhərindəki Tuscia Universitetinin Aqrar Fakültəsində yerli vaxtla təxminən saat 10:00-da başlayan yanğın qısa müddət ərzində damın tamamını alovlara bürüyüb.
Yanğın səbəbindən Viterbo şəhərinə, həmçinin Romadan da yanğınsöndürən briqadalar göndərilib.
Universitetin daxil olduğu geniş ərazidə təhlükəsizlik koridoru yaradılıb. Həmin ərazidəki binalarda olan şəxslər təxliyə olunub.
Viterbo bələdiyyəsi, sıx tüstü səbəbindən yerli sakinləri evlərinin pəncərələrini bağlı saxlamağa çağırıb.
Universitet rəhbərliyi bugün və sabah üçün bütün dərslərin və imtahanların dayandırıldığını açıqlayıb.
Bəzi xəbərlərdə yanğının, təmir işlərinin aparıldığı C blokdakı qatran örtüklü rulonlardan çıxa biləcəyi qeyd olunub.
Yanğınsöndürmə işləri davam edir. İndiyədək ölən və ya yaralanan olmasa da, sıx tüstüdən təsirlənən şəxslərin olduğu bildirilib.
TRT Xəbər
Nuray Əliyeva