BQXK: "Qəzza yer üzündə cəhənnəmdən də betərdir"

Tarix: 23:03 04.06.2025
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Mirjana Spoljaric BBC-yə verdiyi müsahibədə Qəzza zolağındakı humanitar vəziyyəti “yer üzündə cəhənnəmdən də betər” adlandırıb. O, bu sözləri Cenevrədəki qərargahda, təşkilatın Nobel Sülh Mükafatlarını nümayiş etdirən otaqlardan birində səsləndirib.
Spoljaric bildirib ki, Qəzzadakı dağıntı və iztirab hər cür hüquqi, əxlaqi və humanist normaları aşır: “Biz artıq yalnız izləyə bilmərik. Bu, bəşəriyyətin kollektiv uğursuzluğudur.”
O, həmçinin insan ləyaqətinin yox edildiyini və bunun beynəlxalq ictimaiyyət üçün ciddi xəbərdarlıq siqnalı olduğunu qeyd edib. Prezident vurğulayıb ki, HƏMAS-ın 7 oktyabr 2023-cü il hücumları İsrailin Qəzzadakı dağıdıcı əməliyyatlarına bəraət qazandırmır. “Heç bir tərəf, nə olursa olsun, Cenevrə Konvensiyalarını pozmağa haqq qazanmır,” – deyə o əlavə edib.
BQXK-nın Qəzzadakı 300 əməkdaşı — onların 90%-i fələstinlidir — hazırda bölgədəki əsas məlumat mənbələrindən biridir. Komitənin Rəfahda yerləşən səhra xəstəxanası isə yardım bölgəsinə ən yaxın tibbi mərkəz olaraq fəaliyyət göstərir. Son günlər bu xəstəxanaya yalnız bir neçə saat ərzində 184 yaralı qəbul olunub.
Spoljaric qeyd edib ki, Qəzzada artıq heç bir yer təhlükəsiz deyil – nə mülki vətəndaşlar, nə girovlar, nə də səhiyyə işçiləri üçün.
Sonda BQXK rəhbəri beynəlxalq ictimaiyyəti və dövlət liderlərini dərhal hərəkətə keçməyə çağıraraq bildirib: “Əgər atəşkəs və sülh yolu indi qorunmasa, bölgə heç vaxt sabitlik tapa bilməz. Bu vəziyyət bizi təqib edəcək.”
Mənbə: BBC
Türkan Kərimli