"Fenerbahçe"də Devin Özek dövrü

Tarix: 20:42 06.06.2025
"Fenerbahçe" futbol direktorluğu vəzifəsinə Devin Özekin gətirildiyini elan edib. Sarı-lacivərtlilərdə son iki mövsümdür "Sportif Direktör Yardımcılığı" vəzifəsini icra edən Okan Özkanın isə "Futbol Koordinatörü" olduğu bildirilib.
Uzun illər "Bundesliga" təmsilçisi "Bayer Leverkusen"də fəaliyyət göstərən Devin Özek son olaraq "Futbol A Takım Direktör Yardımcısı" vəzifəsində çalışıb.
Sarı-lacivərtli klubun verdiyi açıqlamada belə deyilir:
"Klubumuz, 'Futbol A Takımı'nın daha səmərəli və effektiv idarəetmə strukturuna qovuşması məqsədilə bir yenidənqurma layihəsini həyata keçirib. Bu çərçivədə, Alman futbolunun yüksələn dəyərlərindən biri olan və "Bayer 04 Leverkusen"in çempionluğa çatdığı, Avropa futbolunda parlaq mövsüm yaşadığı dövrdə mühüm rollar oynayan Devin Özek, "Fenerbahçe Spor Kulübü Futbol Direktörü" olaraq təyin edilib. Yeddi ildən artıqdır klubumuzun müxtəlif departamentlərinə töhfə verən və son iki mövsümdür "Sportif Direktör Yardımcılığı" vəzifəsini icra edən Okan Özkan isə, "Futbol Koordinatörü" vəzifəsinə gətirilib. Hər iki şəxs "Futbol Şubesi" çərçivəsində birgə çalışacaqdır. Cənab Devin Özekə böyük "Fenerbahçe" ailəsinə xoş gəlmisiniz deyir, ona və uzun illərdir bu ailənin üzvü olan cənab Okan Özkana yeni vəzifələrində uğurlar arzulayırıq".
Mənbə: TRT haber
Nigar Həsənzadə