Sərt asayiş üçün Los Ancelesə əsgər göndərdim-Tramp

Tarix: 11:52 09.06.2025
ABŞ Prezidenti Donald Tramp miqrantlara qarşı reydlərlə başlayan etirazların ikinci günündə "çox sərt asayiş və nizam-intizamın" təmin olunması üçün Los Anceles şəhərinə Milli Qvardiyanın göndərildiyini bildirib.
Tramp jurnalistlərə açıqlamasında, Kaliforniya ştatında Miqrasiya və Gömrük Nəzarəti İdarəsinin (ICE) keçirdiyi reydlərə qarşı keçirilən etirazlarla bağlı "Zorakılıq edənlər var və bu, onların yanına qalmayacaq. Çox sərt asayiş və nizam görəcəyinizi düşünürəm" deyib. Tramp bu açıqlamanı Morristown Hava Limanının uçuş zolağında, Camp David-ə getməzdən əvvəl prezident təyyarəsi olan Air Force One-a minmədən öncə verib. Trampın çıxışından bir neçə dəqiqə əvvəl Milli Qvardiya Los Ancelesdəki bir nəzarət mərkəzinin qarşısında toplaşan kiçik etirazçı qrupuna müdaxilə edib. Kaliforniya qubernatoru Qavin Nyusom isə Los Anceles şəhərinə yüzlərlə Milli Qvardiya əsgərinin yerləşdirilməsinə qarşı çıxaraq bunun "bir böhran yaratmaq məqsədilə edildiyini" bildirib.
BBC News
Fatimə Heydərova