İsrailin İrana qarşı planı: ABŞ işə qarışacaq?

Bölmə: Siyasət › ,
Tarix: 12:37 19.06.2025

"İsrailin Baş naziri Benyamin Netanyahu ilə hər gün zəngləşirəm".

 

"Kommersant" nəşrinə istinadla xəbər verilir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

 

Ağ Ev rəhbəri bildirib ki, Netanyahunun İrana qarşı siyasətini davam etdirməsini tövsiyə edib. Bununla belə, Tramp İsrailə böyük miqdarda hərbi yardım verib-verməyəcəyinə əmin olmadığını da vurğulayıb.

 

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev "İnformator.az"a açıqlamasında bildirib ki, Donald Trampın İsrailə dair verdiyi açıqlama əslində gözlənilən idi:

 

“Çünki İsrailin belə bir hücumu ABŞ-lə razılaşdırmadan həyata keçirməsi real görünmür. Hazırkı şəraitdə İsrailin ABŞ-nin dəstəyinə ciddi ehtiyacı olduğu açıq şəkildə hiss olunur.

 

Doğrudur, ABŞ hələlik müharibəyə tam şəkildə qoşulmaq qərarı verməyib. Lakin buna baxmayaraq, İsrailə kəşfiyyat və ehtimal ki, silah-sursat dəstəyi göstərir. ABŞ-nin birbaşa müharibəyə daxil olması İsrail üçün son dərəcə vacibdir. Bu, həm İsrailin hərbi resurslarının qorunması, həm də münaqişənin daha qısa zamanda və İsrailin maraqları çərçivəsində başa çatması baxımından əhəmiyyətlidir.

 

Nəzərə almaq lazımdır ki, İsrail bu müharibəni İrana öz ərazisindən zərbələr endirməklə aparır. Bununla belə, ABŞ-nin Körfəz ölkələrində yerləşən hərbi bazalarından daha yaxın məsafədən də zərbələr endirə bilər. Bu isə yalnız ABŞ müharibəyə birbaşa qoşulduğu təqdirdə mümkündür.

Trampın açıqlaması ABŞ daxilindəki yəhudi lobbisinin və hakimiyyət daxilində İsraili dəstəkləyən qüvvələrin narahatlığını aradan qaldırmaq məqsədi daşıya bilər. Digər tərəfdən, bu bəyanat Trampın məsuliyyətdən yayınmaq və mövcud vəziyyətə münasibətini bildirmək üçün atılmış addım da ola bilər. Bununla belə, ABŞ rəhbərinin sözlərində müəyyən həqiqət var: Vaşinqton İsrailə dəstək göstərir. Lakin İsrailin əsas məqsədi ABŞ-nin müharibəyə bilavasitə qoşulmasıdır. Hələlik Tramp bu barədə qərar verməyib".

 

Politoloq əlavə edib ki, bu istiqamətdə qərar qəbul edilməsinin qarşısında bir sıra ciddi risklər dayanır:

 

“Ən başlıcası, Hörmüz boğazının bağlanması ehtimalıdır. Qeyd edək ki, bu boğaz dünya neftinin təxminən 20 faizinin daşındığı strateji marşrutdur və onun bağlanması qlobal enerji bazarında ciddi təlatümlərə səbəb ola bilər. Əgər ABŞ müharibəyə daxil olarsa, İran bu boğazı bağlamaqla təhdid edə bilər.

 

Digər tərəfdən, ABŞ-nin müharibəyə qoşulması Körfəz ölkələrində yerləşən hərbi bazalardan istifadəyə gətirib çıxaracaq ki, bu da həmin bazaların İranın birbaşa hədəfinə çevrilməsi deməkdir. Nəticədə, bu ölkələr də münaqişəyə cəlb oluna bilər.

 

Bütün bu risklər nəzərə alındıqda, ABŞ-nin yaxın vaxtlarda müharibəyə birbaşa qoşulması inandırıcı görünmür".

 

Aytən Ağazadə