Avropa Komissiyası cəzalandırır, yoxsa nizam yaradır?

Bölmə: Siyasət › ,
Tarix: 16:08 19.06.2025

Avropa Komissiyası Polşa, Portuqaliya, Yunanıstan, İsveç, Bolqarıstan, İspaniya, İrlandiya və Almaniya da daxil olmaqla bir sıra üzv ölkələrə qarşı müxtəlif sahələr üzrə hüquqi iddialar irəli sürüb. Siyahıda ən çox Polşanın adı çəkilir. Məsələlər arasında ekoloji qanunvericilik, Avropa həbs orderi, terrorla mübarizə, aksiz vergisi və dövlət satınalmaları kimi sahələr yer alır.


Mövzu ilə bağlı politoloq Natiq Miri “İnformator.az”a açıqlamasında bildirib ki, Avropa Komissiyasının bu addımı həm hüquqi, həm də siyasi məqsədlərlə izah oluna bilər:


“Avropa Birliyinin qurulmasında təməl olan prinsiplər var ki, bu gün bir çox üzv ölkə bu prinsiplərdən uzaqlaşıb. Bu, hüquqi, iqtisadi, siyasi və hərbi sahələrdə ikili standartların tətbiqini açıq şəkildə göstərir. Əgər bu cür iddialar varsa, ilk növbədə həmin standartlar Avropa Birliyinin öz strukturlarına şamil olunmalıdır. Çünki ikili standartlar ən çox Avropa Parlamentində və Avropa Şurasında müşahidə olunur.


Həmçinin Macarıstan və Slovakiya kimi ölkələrin Avropa Birliyinin siyasətindən kənar mövqe tutmasına baxmayaraq, onların adı siyahıda yoxdur. Bu da onu göstərir ki, ittifaq öz təməl prinsiplərindən uzaqlaşıb. Hüquq və insan haqları sahəsində də ciddi problemlər mövcuddur. Məsələn, Fransada Makron hakimiyyətinə qarşı etirazlara cavab olaraq zorakılıq tətbiq olundu, lakin Avropa Birliyi bu məsələdə susqun qalıb”.


Natiq Miri hesab edir ki, bu iddialar Avropa Birliyinin daxildə toparlanmaq cəhdi də ola bilər:


“Əgər bu, doğrudan da islahat xarakterli bir yanaşmadırsa, bu, müsbət haldır. Ancaq bu prosesin səmimiliyi ciddi şübhə altındadır. Maraqlısı odur ki, siyahıda Almaniyanın da adı var, bu isə müəyyən mənada prosesə səmimiyyət qatır. Lakin ümumi mənzərə Avropa Birliyinin etimad məsələsində uğursuzluq yaşadığını göstərir.


Bu tendensiyanı yalnız Avropa Birliyinə deyil, bütövlükdə Avroatlantik məkana da şamil etmək mümkündür. Hazırda bu məkanda hüquqi, siyasi və iqtisadi böhranlarla yanaşı, hərbi təhlükəsizlik sahəsində də problemlər özünü göstərir”.


Politoloq Polşanın siyahıda ən çox adı çəkilən ölkə olmasına da münasibət bildirib:


“Polşa ilə Avropa Birliyi rəhbərliyi arasında zaman-zaman fikir ayrılıqları yaşanıb. Polşa hər zaman ABŞ-ın Avropa Birliyində əsas tərəfdaşı kimi çıxış edib. Ona görə də bu ölkəyə münasibətdə fərqli yanaşmalar müşahidə olunur. Mən bu iddiaların Avropanın özünü yenidən təşkil etmək cəhdi olduğunu düşünürəm. Əgər bu məqsədə səmimi şəkildə nail olunsa, ikili standartlar da ortadan qalxar. Lakin hələlik nəticələr ortada olmadığından bu siyasətə tam inanmaq çətindir”.


Solmaz Muradova