ABŞ İsrailin yanında olacaqmı? – Trampın qeyri-müəyyən cavabı gərginliyi artırır

Tarix: 16:10 19.06.2025
ABŞ Prezidenti Donald Trampın İsrailin İrana qarşı həyata keçirdiyi hücumlara münasibəti beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Trampın son açıqlamaları Vaşinqtonun mümkün hərbi iştirak ehtimalını gündəmə gətirib. O, İsrailin İranın nüvə obyektlərinə endirdiyi zərbələrə ABŞ-nin qoşulub-qoşulmayacağına dair konkret mövqe bildirməsə də, qərarın yaxın günlərdə dəqiqləşəcəyini vurğulayıb.
Mövzu ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, Trampın özü də qərarsız görünür:
“Trampın açıqlamalarına əsasən, onun özü də bu məsələdə nə edəcəyini tam bilmir. Ola bilər ki, müəyyən hədəflərə zərbə endirilsin, sadə obyektlər vurulsun və ya ümumiyyətlə hərbi əməliyyatdan imtina edilsin. Hətta ehtimallar arasında İsrailə dəstək verməklə kifayətlənməsi və ya bu məsələni yalnız diplomatik formada həll etməyə çalışması da var. Trampın komandasında da bu məsələyə yanaşma birmənalı deyil.
Bəzi dairələr İsrailin dəstəklənməsini istəyir, digərləri isə bunun ABŞ üçün sonradan doğura biləcəyi nəticələrdən ehtiyat edir. Yəni Trampın qərarı həm daxili təzyiqlərin, həm də xarici faktorların təsiri altındadır. Yəqin ki, yaxın günlərdə daha dəqiq bir mövqe ortaya çıxacaq. Hərçənd, Trampın İrana qarşı konkret addım atacağı ilə bağlı məlumatlar dövriyyəyə buraxılıb, lakin onların nə qədər etibarlı olduğunu zaman göstərəcək”.
Əli Mustafa ABŞ-nin İsrailin İrana qarşı əməliyyatlarına qoşulması ehtimalının bölgədə çox ciddi nəticələr doğura biləcəyini bildirib:
“Əgər ABŞ bu əməliyyatlara birbaşa qatılarsa, bu, regionu xaosa sürükləyə bilər. Belə bir ssenaridə İranın dəstəkçiləri olan Çin və Rusiya da prosesə qoşula bilər. Hətta Pakistanın da İranın yanında yer alması ehtimalı istisna edilmir. Hindistanın tutacağı mövqe isə ayrıca sual doğurur.
ABŞ-nin bölgədəki tərəfdaşları – xüsusilə Körfəz ölkələri – bu məsələdə ehtiyatlı davranır. Onlar da düşünür ki, əgər Amerika İsraili açıq şəkildə dəstəkləyərsə, İranın cavab zərbələri həmin ölkələrdə yerləşən ABŞ hərbi bazalarına yönələ bilər. Həmçinin Körfəzdə dəniz yollarının minalanması ehtimalı da ciddi təhlükə yaradır”.
Politoloq əlavə edib ki, Trampın daha çox vasitəçilik rolu üzərində düşündüyü ehtimalı da istisna deyil:
“Tramp bəlkə də müharibəyə birbaşa daxil olmaq əvəzinə, moderatorluq rolunu götürməyi düşünür. Lakin bu yanaşmaya qarşı həm daxildən, həm də beynəlxalq aləmdən ciddi təzyiqlər var. Bütün hallarda ABŞ-nin əməliyyatlara qoşulması bölgə üçün böyük sürprizlər və hətta genişmiqyaslı müharibə ehtimalı deməkdir”.
Solmaz Muradova