Yeni Zelandiya İrana sanksiya tətbiq edib

Bölmə: Siyasət › ,
Tarix: 16:55 19.06.2025

Yeni Zelandiya Rusiya və Belarus müəssisələrinə, eləcə də vətəndaşlarına yeni sanksiyalar tətbiq edib.

 

Mövzu ilə bağlı “İnformator.az”a politoloq Züriyə Qarayeva bildirir ki, ölkələrin İrana qarşı çıxışı, Qərbin anti-İran koalisiyasının dərinləşdiyini göstərir:

 

“Hazırkı mərhələdə bu, artıq təkcə diplomatik deyil, faktiki olaraq geosiyasi cəbhələşmə anlamı da daşıyır. İsrail və İran arasında 2025-ci ilin iyununda davam edən qızğın müharibə fonunda, Qərbin bir çox ölkələri – ABŞ, Böyük Britaniya, Fransa və Almaniyadan tutmuş, indi artıq Yeni Zelandiya kimi uzaq və neytral görünən dövlətlərə qədər – Tehran rejiminə qarşı vahid mövqe nümayiş etdirirlər. Bu, İranın sadəcə Yaxın Şərqdə deyil, qlobal miqyasda “təhlükə aktoru” kimi qəbul edilməyə başladığını göstərir. Yeni Zelandiya bu koalisiyaya açıq dəstək verərək, Qərbin liderlik etdiyi İran əleyhinə alyansın daha geniş və siyasi baxımdan daha dərin xarakter aldığını təsdiqləmiş olur. Bu qərar Avstraliya və digər Okeaniya ölkələrinin də eyni istiqamətdə hərəkət etməsinə səbəb ola bilər. Xüsusilə Avstraliya ABŞ və Böyük Britaniya ilə hərbi-siyasi ittifaqlarda (AUKUS kimi) fəal iştirak etdiyindən, İranın İsrailə qarşı raket zərbələri və Yaxın Şərqdəki destabilizasiya siyasəti fonunda eyni sanksiya xəttini izləməsi real görünür. Hazırda regionda müharibə təkcə iki dövlətin qarşıdurması deyil, həm də İranın proksi qüvvələri vasitəsilə apardığı hibrid müharibənin nəticəsidir və bu, ABŞ-İsrail müttəfiqliyinə təhdid hesab olunur. Belə şəraitdə Avstraliyanın da Yeni Zelandiya kimi simvolik, lakin prinsipial mövqe nümayiş etdirməsi ehtimalı yüksəlir. Digər Okeaniya ölkələrinin isə daha çox diplomatik jestlərlə, məsələn BMT-də səsvermələrdə, Qərb mövqeyinə yaxınlaşması gözlənilir.

 

Siyasi şərhçi Yeni Zelandiyanın belə addım atmasını “siyasi həmrəylik jesti” kimi qiymətləndirib:

 

“İranla nə iqtisadi asılılıq, nə də siyasi bağlılıq olmayan Yeni Zelandiyanın bu addımı “dəyərlərə əsaslanan xarici siyasət” anlayışının klassik nümunəsidir. Bu, Qərbin dəyərlər sisteminə – beynəlxalq hüququn qorunması, regional sabitliyin təmin edilməsi və mülki əhalinin təhlükəsizliyinə dəstək – yönəlmiş bir həmrəylik jestidir. 2025-ci ilin müharibə kontekstində isə bu jest təkcə siyasi deyil, həm də simvolik mənəvi mövqe kimi qəbul olunur: Yeni Zelandiya İsrailin yaşayış məntəqələrinə atılan raketləri və İranın proksi qüvvələri vasitəsilə regionu alova qərq etməsini pisləməklə, beynəlxalq hüquq və sabitlik prinsiplərinə dəstəyini nümayiş etdirir. Bu, dünyada artan ideoloji qütbləşmə şəraitində kiçik, lakin prinsipial dövlətlərin mövqeyinin necə əhəmiyyət kəsb etdiyini göstərir”.

 

Aysel Mirzəyeva