Netanyahunun İran çağırışı Azərbaycanı narahat edib

Bölmə: Siyasət › ,
Tarix: 17:00 19.06.2025

Yerli media az öncə Azərbaycanın İranda azərbaycanlılar yaşayan ərazilərdə əməliyyat zamanı mülki əhalinin və mülki obyektlərin təhlükəsizliyi ilə əlaqədar ehtiyatlı davranmaq və zərbələrdən mümkün qədər yan keçmək üçün müxtəlif kanallarla İsrailə yenidən müraciət etdiyi haqda məlumat yayıb.

 

Mövzu ilə bağlı “İnformator.az”a politoloq Tural İrfan bildirir ki, İranın bəzi təxribatçı dairələri dezinformasiya yayırlar ki, guya Azərbaycan İsrailin İrana hücumlarına dəstək verir :

 

“Qeyd edim ki, bu tamamilə əsassızdır və təxribatçı şayiələrdir. Azərbaycan əksinə, artıq ikinci dəfədir ki, İsrailə müxtəlif yollarla çatdırıb ki, soydaşlarımızın yaşadığı ərazilərdə mülki əhaliyə zərər gətirilməsin. Həmçinin biz ,ümumiyyətlə, müharibənin əleyhinəyik. Əsasən də qonşuluqda baş verən bu kimi hadisələr regionun təhlükəsizliyi üçün təhdid, narahatlıq yaradır. Buna baxmayaraq müharibə qaçılmaz olub və hazırda daha da alovlanmaqdadır. Biz hər zaman sülhün və sabitliyin tərəfdarıyıq. Bunu bütün qonşularımızla münasibətdə vacib amil hesab edirik. Dövlətimizin İsrailə müraciəti həm ölkəmizdə, həm də güneyli soydaşlarımız arasında müsbət qarşılanıb. Çünki Azərbaycanın onları daima diqqətdə saxlayır, prosesləri izləyir və onların maksimum təhlükəsizliyi üçün əlindən gələn mümkün vasitələrdən istifadə edir. Ancaq bu müraciətin Tehranda da müsbət qarşılanması lazımdır. Çünki Azərbaycan müraciət edərək İran vətəndaşları olan soydaşlarımızın təhlükəsizliyindən narahatlığını ifadə edib və mülki yerlərin vurulmamasını istəyib”.

 

Həmçinin şərhçi qeyd edib ki, İran - İsrail savaşında ölkəmiz neytral mövqedə durmalı və mümkün qədər müharibənin davam etməməsinə görə səylər göstərməlidir:

 

“Çünki müharibənin uzanması, şiddətlənməsi ətrafa yayılma ehtimalını da artırır. İqtisadi, ticari və digər mübadilələri ləngidir, zədələyir. Eyni zamanda regional təhlükə mənbəyinə çevrilir.
Əgər müharibəyə Türkiyə qarışmasa Azərbaycan bu məsələdə neytrallığını saxlaya bilər. Ancaq əksi baş versə seçim qarşısında qala bilərik. Türkiyə ilə dost və müttəfiqik, İranla qonşu, İsraillə də yaxın münasibətlərə sahibik. Lakin düşünmürəm ki, bu müharibədə Türkiyə birbaşa iştirakçı olsun. Təbii ki, hər bir halda neytrallıq qorunub saxlanılmalıdır. İran daxilində baş verən hadisələrdə müəyyən dairələrin Azərbaycanı günahlandırmağa çalışması təxribat və müharibənin ətrafa sıçramasına cəhd kimi qiymətləndirilə bilər və vacibdir ki, bu kimi provakasiyaların qarışını alınması üçün beynəlxalq təşkilatlarda öz sözünü desin və hadisələrə dair qərar versin.

 

Əsas İran çalışır ki, bu müharibəyə maksimum çox ölkə qoşulsun. Bunun üçün də müxtəlif yollarla addımlar atır. Güney Azərbaycan əhalisinin də ayaqlanmasından narahatdır və ona görə guya Təbrizin Azərbaycan nefti ilə bombalandığı kimi böhtan xarakterli əsasız məlumatlar yaydırır. İran hakimiyyəti xalqına Azərbaycanı guya İsrailə dəstək verən ölkə kimi təqdim edir ki, soydaşlarımızın bizə münasibətini dəyişsin. Lakin bu dezinformasiyalar Azərbaycanın İsrailə məlum müraciəti ilə iflas oldu”.

 

Aysel Mirzəyeva