ABŞ və İran arasında danışıqlar ehtimalı azalır

Tarix: 21:11 20.06.2025
“Prezident Donald Trampın İranın qətiliklə nüvə silahı əldə edə bilməyəcəyi ilə bağlı mövqeyi heç kəsi təəccübləndirməməlidir – o, onilliklər ərzində bu barədə birmənalı şəkildə aydın fikrini bildirib”.
Bunu Ağ Evin mətbuat katibi Kerolayn Livit brifinq zamanı deyib.
O, Trampın yaxın iki həftə ərzində ABŞ-nin İrana zərbə endirib-endirməyəcəyi ilə bağlı qərar verəcəyini bildirən bəyanatını oxuyub. Açıqlamaya görə, o, ABŞ-nin hərbi əməliyyatları ilə bağlı yekun qərar qəbul etməzdən əvvəl diplomatik səylərin davam etdirilməsinə icazə vermək istəyir.
Mövzu ilə bağlı politoloq Tural İsmayılov “İnformator.az”a açıqlamasında bildirib ki, Donald Trampın İranın nüvə silahı əldə etməsinə qarşı illərdir sərgilədiyi sərt və kompromissiz mövqe, bu gün ABŞ-İran münasibətlərində yumşaq diplomatiyaya yer qoymur:
“Bu yanaşma Tehrana qarşı maksimal təzyiq strategiyasının əsasını qoyub. Nəticədə İran regional balansı dəyişəcək səviyyədə nüvə proqramını irəlilədib. Trampın mövcud bəyanatı da göstərir ki, o, məsələyə hərbi və siyasi cəbhədən baxmağa davam edir. Diplomatik addımları yalnız taktiki gecikmə kimi qiymətləndirir. Bu ritorika, əslində, İran üçün təhlükəli və qeyri-müəyyən bir mesajdır. Danışıqlar baş tutsa belə, nəticə verməyə bilər. Əgər Tehranda hakim dairələr bu ritorikanı təhlükə kimi qəbul edərlərsə, danışıqların ehtimalı azalacaq”.
Politoloq qeyd edib ki, Ağ Evin bu açıqlaması danışıqları çətinləşdirə və qarşılıqlı etimadın zəifləməsinə səbəb ola bilər:
“İran tərəfi ikili oyun və ya hər an zərbə ritorikası ilə masaya gəlməz. Trampın iki həftəlik möhlət ifadəsi isə daha çox psixoloji təzyiq vasitəsidir. Bu zaman qazanmaq deyil, qarşı tərəfi sıxışdırmaq niyyəti daşıyır.
ABŞ daxilində də bu ritorikaya münasibət birmənalı deyil. Bəziləri bunun riskli və qeyri-praqmatik olduğunu düşünür.
İran isə daxili mövqelərini qorumaq üçün sərt cavab açıqlamaları verə bilər. Bu qarşılıqlı sərt ritorika yaxın günlərdə Vaşinqton-Tehran xəttində gərginliyin daha da artacağını göstərir.Hərbi əməliyyat ehtimalı tam gündəmdən çıxmasa da, indiki mərhələdə bu, daha çox siyasətçilərin və seçkiyə hazırlaşan Trampın oyun texnikasıdır. Bu isə yalnız Yaxın Şərqdə deyil. Qlobal enerji bazarında da ciddi təlatümlərə səbəb olacaq.
Donald Trampın bu mövqeyi həm müttəfiqləri, həm də rəqibləri üçün planlama risklərini artırır. İranın cavab addımı isə ya nüvə fəaliyyətlərini daha da intensivləşdirmək, ya da bölgədə yeni proksi gərginliklər yaratmaq ola bilər. Beləliklə, iki həftəlik qərar dövrü, əslində, strateji səbr deyil, strateji təhdid dövrüdür. Danışıqlar ehtimalı azalsa da, bu period hər iki tərəf üçün ciddi diplomatik test olacaq. Əgər bu test uğursuz alınsa, Yaxın Şərq yeni eskalasiya mərhələsinə qədəm qoya bilər”.
Nuray Əliyeva