TARİX HEÇ NƏYİ UNUTMUR

Tarix: 20:57 22.06.2025
Səmədağa Ağamalıoğlu 1918-ci ildə publisistik məqalələrinin birində yazırdı: “Türkiyənin köməyi ilə təşkil olunan müsavat hökuməti bütün göstərişləri türk komandanlığından alaraq xalqa qarşı açıq əksinqilabi tədbirlər görürdü”. Zaman sübut etdi ki, uzun illər Ağamalıoğlu kimiləri qanı-qanından, canı-canından olanlarımıza qarşı çıxaraq doğmalarına qarşı əks təbliğat aparıblar.
Kim idi Səmədağa Ağamalıoğlu? Səmədağa Ağamalıoğlu 1867-ci ildə Qazax qəzasının Qazax Kəsəmən kəndində “varlı kəndli ailəsində anadan olub”. Atası Həsən kişi Səmadağanı ilk olaraq mədrəsədə oxudub. Lakin bu təhsil Səmədağanın heç ürəyincə olmur. “1876-cı ildə dayısının köməyi ilə hərbi məktəbə” qəbul edilsə də, məktəbdə təhsilini sona kimi başa vura bilmir. İkisinifli kənd məktəbini oxuyandan sonra Gəncə gimnaziyasının hazırlıq sinifinə daxil olur.
Yenidən hərbi təhsilini davam etdirmək arzusunda olan S.Ağamalıoğlu 1878-ci ildə “Vladiqafqaz şəhərindəki hərbi məktəbin yerölçən şöbəsinə daxil olur”. S.Ağamalıoğlu “yerölçən ixtisasına yiyələnən birinci azərbaycanlı idi”. Təhsilini başa vurduqdan sonra bir müddət İrəvan və Yelizavetpol quberniyalarında çalışan S.Ağamalıoğlu 1912-ci ildə Bakıya gələrək neft sahəsində çalışır. Bu illər ərzində o gah Bakıda, gah da Yelizavetpolda həm də siyasi işlərə də meyil edir. “1917-ci ildə S.Ağamalıoğlu RSDFP bolşeviklərlə menşeviklərin nümayəndələrindən ibarət Yelizavetpol komitəsinin tərkibinə daxil olur. 1918-ci ildə isə Bakıda Parlamentdə sosialistlər fraksiyasına daxil olur və parlamentin torpaq komissarı tərkibinə seçilir”.
Onun parlamentdəki fəaliyyətini səhv adlandıran tədqiqatçı alim Xəlil Nəcəfov 1960-cı ildə yazırdı: “S.Ağamalıoğlunun müsavat parlamentinə daxil olması onun menşevizmdən doğan səhvi idi. Bu səhvi publisistik fəaliyyətində nisbətən aradan qaldıran Ağamalıoğlu publisistikasında milli hökumətin tənqidinə mühüm yer ayrırdı”.
S.Ağamalıoğlunun redaktorluğu ilə Tiflisdə çap edilən menşevik hümmətçilərin orqanı olan “Gələcək” adlı qəzetindəki hər çıxışında milli hökuməti kəskin tənqid edir, hər vasitə ilə müsavatçıları xalqın gözündən salmağa çalışırdı.
1920-ci il aprelin 27-də Bakı proletariatı milli hökumətə qarşı silahlı əməliyata başlayır. Bu əməliyyatda yaxından köməklik edənlərdən biri də Səmədağa Ağamalıoğlu idi. Xalqının günahsız oğullarının qanına bais olan S.Ağamalıoğlu 1920-ci il aprelin 28-də Kommunist Partiyası sıralarına daxil olur və elə həmin gün Milli hökuməti yıxmaqda “yüksək fəaliyyəti” olduğu üçün Şura hökuməti S.Ağamalıoğlunu Sovet Azərbaycanının ilk Xalq Torpaq Komissarı təyin etməklə mükafatlandırır.
Azərbaycanda bolşevik partiyasının və sovet dövlətinin yaranmasında xüsusi rolu olan Səmədağanın ağalıq dövrü də elə bundan sonra başlayır. Belə ki, 1922-ci ildən 1929-cu ilə kimi Azərbaycan SSR MİK sədri, Zaqafqaziya Federasiyasının MİK sədrlərindən biri kimi məsul vəzifələr ona həvalə edilir. S.Ağamalıoğlu da canla-başla “Lenin partiyasına sədaqətini əsirgəməyib onun siyasətini davam etdirir”.
S.Ağamalıoğlu bu sədaqəti rusdilli mətbu orqanlarında da davam etdirib. Xüsusən, “Zarya”, “Zakavkazskaya reç”, “İzvestiya”, “İskra”, “Bakinski raboçi” qəzetlərində, onun publisistikasında aparıcı mövzu sozializmin təbliği olub. Publisist “Panislamizm və müsəlmanların gələcəyi” adlı məqaləsində geninə-boluna islam dinini, türk dünyasını tənqid edir, islam dinini “Məhəmmədin dini” deyərək ələ salır, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu kimi millətpərəst, vətənpərvər oğulları isə “burjua ideoloqları” adlandırırdı. “Məhəmmədin dini milli mədəniyyətləri məhv edir” deyə üsyankarcasına çıxış edirdi.
Tədqiqatçı alim Xəlil Nəcəfov “S.Ağamalıoğlunun ictimai-siyasi və ateist görüşləri” adlı kitabında bu haqda yazırdı: “S.Ağamalıoğlu islam dinini sadəcə tənqid etməklə kifayətlənmirdi. O, din əleyhinə aparılan mübarizənin ön sırasında gedirdi. O, müsəlmanların müqəddəs saydıqları Quranın əslində bir çox uydurmalar əsasında düzəldiyini qeyd edir və göstərirdi ki, Allahın adından nazil edilən Quran ayələri Məhəmmədin xülyalarının məhsuludur”.
Öz dinini, məzhəbini, məsləkini bu dərəcədə aşağılayan, S.Ağamalıoğlu hətta özünə haqq da qazandıraraq bu məsələdə mollanəsərddinçilərlə bir mövqedə durduğunu iddia edirdi. Əvvəla, onu qeyd edim ki, “Molla Nəsərddin” jurnalı 1922-ci ilə qədər çıxan (fasilələrlə) heç bir sayında nə Məhəmməd peyğəmbəri, nə də müqqəddəs kitabımız olan Qurani-Kərimi ələ salıb, təhqir edib. O, fırıldaqçı şeyxlərə, mollalara, savadsız ruhanilərə qarşı idi.
S.Ağamalıoğlunun fəaliyyətini yüksək qiymətləndirdiyi “Molla Nəsrəddin” jurnalı isə 1922-ci ildən sonra çap edilən nüsxələridir. Bu zaman isə “Molla Nəsrəddin”də Mirzə Cəlil dəst-xətti yox idi. Bunu təsdiq edəcək faktlara nəzər salaq.
Həmidə xanım Cavanşir (Məmmədquluzadə) “Xatirə-lərim”də yazırdı: “1922-ci ilin əvvəlləri idi. Mirzə Cəlilin “Molla Nəsrəddin” jurnalı ilə bağlı rəhbərlikdə danışıqları da qaydasında getmirdi. O, fikir edir, iztirab çəkirdi. Kəhrizlidə də işlərimiz yaxşı getmirdi. Mən uşqalarla kəndə ketmişdim. Bir gün Ağdam Təhsil İdarəsinin əməkdaşları bizə gəldilər və bəyan etdilər ki, evimdən çıxım. Onlara dedim ki, əlimdə evimin geri qaytarılması haqqında hökumətin qərarı vardır. Cavab verdilər ki, “yerli hakimiyyət bizik, burada qərarı biz veririk”.
Bu zaman dövrü mətbuatda yeni məzmunlu bir “Molla Nəsrəddin” jurnalının çıxacağından yazırdı. “Kommunist” qəzeti 17 aprel 1922-ci il tarixli sayında xəbər verirdi ki, “aprel ayının 28-dən etibarən hər həftə cümə günləri qırmızı “Molla Nəsrəddin” adında yeni məzhəkə məcmuəsi nəşr edilməyə başlayacaqdır. Jurnal istər kağız, istər şəkilləri cəhətincə əvvəlki “Mola Nəsrəddin”i təqlid etməsə də, ondan mükəmməl surətdə çıxarılacaqdır”. Amma sonradan çıxan “Molla Nəsrəddin” nə məzmun, nə də sənətkarlıq baxımından mükəmməl ola bildi. Çünki burada Mirzə Cəlil dəst-xətti, üslubu yox idi.
16 oktyabr 1922-ci ildə AK (b) P MK katibi Əliheydər Qarayev Maarif Komissarı Mustafa Quliyevə yazırdı: “Mərkəzi Komitənin prezidiumu “Molla Nəsrəddin” jurnalının nəşrinə icazə verib. Mirzə Cəlil Məmmədquluzadənin jurnala redaktor olması haqqında Maarif Komissarlığının icazə verməsini xahiş edirəm”.
Bu göstərişlər, məktublar, sanki “gözdən pərdə asmaq” üçün idi. Əslində hökumət Mirzə Cəlili nəinki “Molla Nəsrəddin”dən, hətta ictimai, ədəbi mühitdən uzaqlaşdırdı. Mirzə Cəlil 25 noyabr 1922-ci il tarixli “Yeni yol” qəzetində çap etdirdiyi “Heykəlin açılışı” adlı məqaləsində məşhur mollanəsrəddinçi şair M.Ə. Sabirin heykəlinin açılış mərasiminə dəvət edilməməsindən giley-güzar edirdi.
Hökumətin ona qarşı laqeydliyi, süründürməçiliyi, inamsızlığı, təqaüdünün kəsilməsi “bir qədər də dəqiq desək, düşmən münasibəti” Mirzə Cəlili çox sarsıtdı. O, ümidini yalnız mollanəsrəddinçi dostlarına bağlayırdı. 1 fevral 1923-cü il tarixli məktubunda Həmidə xanıma yazırdı: “Hələlik ədəbiyyat aləmində işləməyə iqtidarım çatmır. Əgər qocalıb əldən düşüncəyə qədər yaşasaq, onda bir tərəfdən saysız-hesabsız dostlarım məndən iltifat nəzərini kəsməz, o biri tərəfdən də uşaqlarımız böyüyüb bizə kömək edərlər”.
Amma Mirzə Cəlil “Şura hökumətinə və Moskvaya qəlbən bağlanmamasını, inanmamasını da gizlətməyib. 5 may 1927-ci il də yazırdı: “Molla Nəsrəddin” məcmuəsinin Moskvaya heç bir dəxli yoxdur. “Molla Nəsrəddin”i nə Moskva yaradıbdır, nə də Şura hökuməti yaradıbdır” deyə çox kəskin şəkildə bildirib.
Bütün sənədlər, xatirələr bir daha sübut edir ki, Mirzə Cəlil və Səmədağa Ağamalıoğlu tamamilə başqa-başqa dünyagörüşlü əqidə, məslək sahibi olublar. İndi fikir verin. Şura hökuməti Ümumittifaq Türk Əlifbası Komitəsinə S.Ağamalıoğlunu sədr, Komitəsinin orqanı olan “Yeni yol” qəzetinə isə Mirzə Cəlili redaktor təyin edir.
S.Ağamalıoğlu Oktyabr inqilabının, Lenin siyasətinin təbliğatçısı, M.Cəlil isə xalqına, adət-ənənəsinə bağlı bir qələm əhli. 1922-ci ildə V.İ.Leninlə görüşən S.Ağamalıoğlu ömrünün sonuna qədər onun “ölkəni sovetləşdirmə” prinsipinə sadiq qalıb. 1930-cu ildə Moskvada vəfat edib.
Bütün varlığı ilə sovetlərə bağlı olan Səmədağa Ağamalı-oğlu milli hökumətə qarşı qətiyyətlə yazırdı: “Tarix sizi yer üzündən silib atacaqdır”. Amma hər şeyə məlhəm olan zaman sübut etdi ki, milli varlığa bağlı olan heç nəyi tarixdən silib atmaq olmaz!
Amma çox təəssüf ki, bu gün S.Ağamalıoğlunun əməllərinə və amallarına haqq qazandıran alimlərimiz də var! Həmin alimlərin bəziləri hətta bu gün cəmiyyətdə yüksək vəzifəyə və elmi titullara mənsubdurlar.
Əməkdar jurnalist Qərənfil Dünyaminqızı