Gənclərimizin İrəliyə Doğru Yolu-Dövlət Dəstəyi və İmkanlar

Tarix: 20:52 12.08.2025
Avqustun 12-si dünya gənclərinin birliyini və onların potensialını qeyd etmək üçün ayrılan xüsusi gündür.
1998-ci ildə qəbul edilən qərarla təsis olunan bu gün, 1999-cu ildə BMT Baş Assambleyasının qərarı ilə rəsmi status qazanıb. Bu əlamətdar tarix gənclərin cəmiyyətə inteqrasiyasını artırmaq, onların uğurlarını dünya ilə bölüşmək və qarşılaşdıqları çətinliklərin öhdəsindən gəlmək üçün beynəlxalq əməkdaşlığı dərinləşdirmək məqsədi daşıyır. Azərbaycanda isə gənclər üçün xüsusi gün 1997-ci ildə müəyyənləşdirilib və 2 fevral “Azərbaycan Gəncləri Günü” kimi qeyd olunur. Bu addım regionda özünəməxsus və qabaqcıl təşəbbüs kimi qiymətləndirilir. Azərbaycanda gənclər siyasətinin kökləri müstəqillik dövrünün başlanğıcına təsadüf edir. Ulu Öndər Heydər Əliyev gənclərin inkişafı üçün çoxsaylı qanunlar və proqramlar irəli sürərək, onların sosial və mənəvi dünyasını zənginləşdirməyə çalışıb. Prezident İlham Əliyev bu siyasəti davam etdirərək, ölkə gənclərinin təhsil və karyera imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. 2007-2015-ci illər arasında həyata keçirilən xaricdə təhsil proqramı çərçivəsində minlərlə gənc dünyanın tanınmış universitetlərində təhsil alıb və biliklərini ölkəmizə gətirir. İdman sahəsində də gənclərin inkişafı üçün böyük şərait yaradılıb. Bu gün Azərbaycan 50-yə yaxın Olimpiya İdman Kompleksinə malikdir və beynəlxalq idman tədbirlərinin uğurla keçirildiyi mərkəzlərdən biridir. İdmanın inkişafı həm gənclərin fiziki sağlamlığına, həm də onların milli ruhunun yüksəlməsinə böyük dəstək verir. Gənclərin inkişafına dair 2015-2025-ci illər üçün hazırlanan strateji sənəd onların intellektual və mənəvi potensialının gücləndirilməsinə yönəlir. Azərbaycan gəncləri yalnız təhsil və idman sahəsində deyil, ictimai-siyasi həyatda da fəallıq göstərir, ölkənin inkişafına töhfə verir. 2020-ci ildə baş vermiş Vətən müharibəsində gənclərin qəhrəmanlığı bu nəsilin şücaətini bütün dünyaya nümayiş etdirdi. Son illərdə reallaşan “Yüksəliş” müsabiqəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin fəaliyyəti, eləcə də könüllülük təşəbbüsləri gənclərin liderlik qabiliyyətlərini artırmaqla yanaşı, onların cəmiyyətə inteqrasiyasını daha da gücləndirir. Pandemiya dövründə gənclərin göstərdiyi sosial həmrəylik isə ictimai məsuliyyət hissinin yüksəldiyini təsdiqləyir. Prezident İlham Əliyevin “Mənim gənclərə xüsusi münasibətim var. Siz mənim üçün önəmlisiniz və mən sizə güvənirəm” sözləri dövlətin gənclərə inamının və gələcəyə olan etibarının parlaq nümunəsidir. Azərbaycanın gəncləri ölkənin inkişafının əsas sütunlarından biridir və onların istedadı, enerjisi və təşəbbüsü ölkəmizin parlaq gələcəyinə zəmin yaradır.
Nigar Həsənzadə