Büdcə sistemində dəyişiklik zəruridir - Akif Nəsirli

Tarix: 13:25 23.06.2025
Milli Məclisin növbədənkənar sessiyasının 24 iyun tarixli iclasının gündəliyinə “Büdcə sistemi haqqında” qanuna dəyişiklik layihəsi daxil edilib. Qanun layihəsi dövlət büdcəsinin icrası, uçot və hesabatlılıq sahəsində qarşıya çıxan problemlərin aradan qaldırılması, həmçinin qeyri-neft gəlirlərinin proqnozlaşdırılması və vahid xəzinə hesabının idarə olunmasının təkmilləşdirilməsi məqsədi daşıyır.
Mövzu ilə bağlı iqtisadçı ekspert Akif Nəsirli “İnformator.az”a açıqlamasında bildirib ki, qanunda dəyişiklik ehtiyacı real problemlərdən doğur:
“Sizə qeyd edim ki, Büdcə sistemləri haqqında qanuna əlavə və dəyişikliklərlə tanış olmamışam. Amma məsələ burasındadır ki, dövlət büdcəsinin icrasında çox ciddi problemlər var. Tenderlərdə korrupsiya halları geniş yayılıb. Bu cür halların qarşısını almaq üçün qanuna müvafiq dəyişikliklər edilməlidir”.
Ekspertin sözlərinə görə, tenderlərdə korrupsiyaya bulaşmış şirkətlərin təkrarən bu proseslərə cəlb olunmasının qarşısını almaq üçün qanuna konkret məhdudlaşdırıcı maddələr salınmalıdır:
“Bu cür şirkətlərin tenderlərə buraxılmaması üçün ciddi hüquqi əsaslar yaradılmalıdır. Büdcə xərclərinin daha şəffaf və məsuliyyətli şəkildə yönləndirilməsi vacibdir. Əlavə vəsait istəyən dövlət qurumları parlamentdə əvvəlki illərdə istifadə etdikləri vəsaitlərlə bağlı hesabat verməlidirlər,” – deyə Nəsirli əlavə edib.
Qeyri-neft gəlirləri və Neft Fondundan asılılıq məsələsi də gündəmdədir.
Akif Nəsirli bildirib ki, dövlət büdcəsinin hələ də neft gəlirlərindən yüksək asılılıqla idarə olunması uzunmüddətli perspektivdə risklər yaradır:
“Bu asılılıq aradan qaldırılmalıdır. Dövlət Neft Fondu ilə dövlət büdcəsi arasında birbaşa əlaqə zəiflədilməlidir. Dövlət büdcəsinin gəlirləri neftin dünya bazar qiymətlərindən asılı olmamalıdır. Bu da qanunda dəyişikliklər zamanı qırmızı xətt kimi nəzərə alınmalıdır”.
Solmaz Muradova