"Təhsilli qadın güclü iqtisadiyyatın və sağlam gələcəyin təməlidir"- Bahar Muradova

Bölmə: Siyasət › ,
Tarix: 14:43 23.06.2025

"Təhsilli qadın güclü iqtisadiyyatın və sağlam gələcəyin təməlidir".

 

"İnformator.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Gənc qızların təhsilinə dəstək" layihəsinin məzun günü tədbirində çıxışı zamanı deyib.

 

Komitə sədri tədbirdə iştirak edən dövlət rəsmilərinə, millət vəkillərinə, layihə iştirakçılarına və qonaqlara təşəkkürünü bildirərək, xüsusilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layihəyə verdiyi dəstəyi yüksək qiymətləndirib:

"Belə faydalı təşəbbüslərin reallaşmasında hər zaman ön sırada yer alan, Azərbaycan gəncliyinə və onların təhsilinə xüsusi qayğı göstərən xanım Leyla Əliyevaya dərin hörmət və ehtiramımızı bildiririk. Onun burada bizimlə olması təşəbbüsümüzə verilən dəyərin göstəricisidir".

 

B.Muradova qeyd edib ki, bu layihə təkcə sosial proqram deyil, həm də maarifçilik ideyasının davamı, xalqın inkişafına yönələn ciddi missiyadır:

 

"1901-ci ildə Hacı Zeynalabdin Tağıyev vasitəsilə qızlar üçün ilk dünyəvi məktəbin açılması ilə cəmiyyətimizdə qadının yeri və təhsilin rolu haqqında mühüm mesaj verildi. Bu gün isə həmin maarifçilik ruhu "Gənc qızların təhsilinə dəstək" layihəsi ilə davam etdirilir".

 

Komitə sədri vurğulayıb ki, layihənin əsas məqsədi sosial və maddi çətinliklərlə üzləşən qızlara təhsil imkanı yaratmaq, onların gələcəyinə inam aşılamaqdır. Layihənin geniş miqyas almasına Elm və Təhsil Nazirliyi ilə birgə əməkdaşlığın mühüm töhfə verdiyini qeyd edib:

"Elm və Təhsil Nazirliyinin rəhbərlik etdiyi ilk gündən qızların təhsilinə dəstək layihəsinə tərəfdaş olması bu təşəbbüsün uğurunu artırdı. Artıq yüzlərlə gənc qız bu dəstəkdən yararlanır. Əməkdaşlıq sənədlərinə uyğun olaraq layihələrimiz xeyli genişlənib və 58 rayonu, 27 ali təhsil müəssisəsini əhatə edir".


Sədr əlavə edib ki, "Zərif mühəndislər", "Parlaq gələcək" kimi proqramlar çərçivəsində yüzlərlə qızın həyatına müsbət təsir göstərilir:

"Cəmiyyətin inkişafı qadınların güclənməsindən başlayır. Təhsilli qadın sabit ailənin dayağı, güclü iqtisadiyyatın və sağlam gələcəyin təməlidir".