İran-İsrail qarşıdurmasında radiasiya təhlükəsi

Bölmə: Siyasət › ,
Tarix: 22:43 22.06.2025

2025-ci ildə İsrail və İran arasında baş verən hərbi qarşıdurmalar, xüsusilə İranın nüvə obyektlərinə edilən hücumlar dünya ictimaiyyətində ciddi narahatlıqlar yaradıb.

 

Mövzu ilə bağlı hərbi ekspert Elxan Şıxəliyev "İnformator.az"a açıqlamasında bildirib ki, bu gün ABŞ faktiki olaraq, İran-İsrail müharibəsində tərəf oldu:

 

"Belə ki, gecə ərzində ABŞ-nin B-2 bombardmançı təyyarələri ilə İranın nüvənin zənginləşdirilməsi mərkəzlərinə – Fordo, Natanz və İsfahana zərbələr endirildi. ABŞ-nin B-2 təyyarələri bütün bombalarını, raketlərin anası sayılan GBU-57 A və B modelli bunkerdələn raketləri nüvə reaktorları yerləşən yeraltı bunkerlərə buraxmış oldu. ABŞ-nin və İsrailin zərbələri nəticəsində bəyan olunan ondan ibarətdir ki, bu, nüvənin zənginləşdirilməsinə aid olan yeraltı bunkerlər və nüvə zənginləşdirən reaktorlar sıradan çıxarılıb. Yəni, İranın nüvə proqramı sıfırlanıb. İran tərəfinin yanaşması isə ondan ibarətdir ki, İran bildirir ki, bu zərbələr gözlənilən olduğundan Fordo, Natanz və İsfahanda yerləşən zənginləşdirilmiş uranı başqa yerlərə daşıyıb. Yəni, zərbələr endirilsə də, zənginləşdirilmiş uranın həmin nüvə reaktorlarının olduğu obyektlərdə olmadığını bildirirlər. Bu o deməkdir ki, əgər bu obyektlərdə həqiqətən də zənginləşdirilmiş nüvə yoxdursa, orada mümkün ola biləcək radiasiyanın miqdarı da təsəvvür edildiyindən çox az olacaq. Görünən odur ki, ABŞ-nin uzaqmənzilli B-2 bombardmançı təyyarələrinin, GBU-57 A, B zirehdələn bombalarının tətbiqi yalnız ABŞ-nin aviasiya parkında olduğu üçün İsrail İranın nüvə obyektlərinə təsəvvür ediləcək həcmdə zərbələr endirə bilmir. GBU-57 raketlərinin əsas xüsusiyyətləri ondan ibarətdir ki, bu raketlər 80 metr dərinliyə qədər 3 mərhələdə başlıqlarının bir-birindən ayrılaraq yerin altına müdaxilə edə bilməsi və ən möhkəmləndirilmiş bölgələrdə, yəni reaktorların yerləşdiyi bunkerlərdə partlayışa səbəb olur və bunun nəticəsində çox böyük dağıntılar yarana bilir. Çəkisi 8 və 13 ton arasında dəyişən başlıqlı zirehdələn xüsusiyyətə malik olduğu üçün İsrail bunu edə bilməsə də, ABŞ-nin müharibəyə müdaxiləsi ilə buna nail olduğu görünür. İsrail və ABŞ-nin siyasi-hərbi hədəflərindən biri nüvə başlığı hazırlana biləcək raketlərin əsas xammal vasitəsi sayılan zənginləşdirilmiş uranın İranda olmaması idisə, artıq hər iki tərəf bildirir ki, bu obyektlərin vurulması ilə buna nail olublar".

 

Billurə Quliyeva