İran mediasından növbəti təxribat: “Azərbaycanı vura bilərik”

Tarix: 13:00 25.06.2025
İran dövlət televiziyasında sərsəm iddia: “Azərbaycanı vura bilərik!”
İsrail–İran müharibəsi fonunda rəsmi Bakının aydın mövqeyinə, o cümlədən Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayacağına dair bir daha təminat verməsinə və ABŞ-nin İrana aviazərbəsindən sonra Xarici İşlər Nazirliyinin yaydığı birmənalı bəyanata baxmayaraq, İranda Azərbaycanı hədəfə alan qüvvələr öz çirkin fəaliyyətlərini davam etdirir. Onlar müxtəlif uydurma ittihamlarla Bakının guya İrana qarşı hücumlarda İsrailə dəstək verdiyini iddia edirlər.
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “Informator.az”a açıqlamasında bildirib ki, İranda Azərbaycana qarşı fəaliyyət göstərən xüsusi qruplar var və bu qruplar, nə olursa olsun, Azərbaycanı tənqid etməyə, onun imicinə xələl gətirməyə çalışırlar:
“Bu, məhz həmin qrupların məqsədyönlü fəaliyyətinin nəticəsidir. İran dövləti isə bu istiqamətdə indiyədək rəsmi şəkildə heç bir açıqlama verməyib və Azərbaycanı ittiham edən bəyanatlarla bağlı mövqe bildirməyib.
Bununla belə, İranın hərbi elitası, dini çevrələri və dövlət orqanlarında təmsil olunan bəzi rəsmi şəxslər zaman-zaman Azərbaycan əleyhinə əsassız ittihamlar səsləndirirlər. Bu isə təəssüf doğurur. Çünki İran dövləti həmin şəxslərə bu cür açıqlamalara görə təsir göstərə, onlara bu yanaşmaları qadağan edə bilmir. Halbuki səsləndirilən fikirlər Azərbaycan–İran münasibətlərinə ciddi şəkildə zərər vurur. Bu, xüsusilə narahatlıq doğuran məqamdır.
Azərbaycanın bu məsələlərə münasibəti isə hər zaman aydın və qəti olub. Rəsmi Bakı dəfələrlə bəyan edib: müharibənin ilk günündən İran tərəfinə açıq şəkildə bildirilib ki, Azərbaycanın ərazisindən heç bir halda İranın əleyhinə istifadə edilməyib və bu, heç vaxt baş verməyəcək. Azərbaycan dostluq və qonşuluq münasibətlərinə sadiqdir və bunu öz davranışları ilə daim nümayiş etdirib".
Politoloq əlavə edib ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının ən fəal üzvlərindən biridir və islam həmrəyliyinə sadiqliyini dəfələrlə sübut edib:
“Fələstin və digər müsəlman ölkələrinə göstərilən humanitar yardımlar, bu məsələdə iki dövlətli həll prinsipinə verilən açıq dəstək Azərbaycanın İslam dünyasının hüquqlarını müdafiə etdiyini və İslam birliyinə xüsusi önəm verdiyini bir daha təsdiqləyir.
Bütün bunlara baxmayaraq, İranda bəzi dairələrin Azərbaycanı əsassız şəkildə ittiham etməsi paniranizm siyasətinin bariz nümunəsidir. İranda rəsmi şəkildə millətçilik qadağan edilsə də, faktiki olaraq fars millətçiliyi və şovinizm hökm sürür. Təəssüf ki, bu ideoloji yanaşma Azərbaycana və ümumilikdə türkçülüyə qarşı düşmən münasibət formalaşdırır.
Bu yanaşmanın yeganə nəticəsi münasibətlərin pozulması, əməkdaşlıq mühitinin zəifləməsi və regionda gərginliyin dərinləşməsi ola bilər".
Aytən Ağazadə