“ABŞ İrana uranı zənginləşdirməyə icazə verməyəcək”-Tramp

Tarix: 14:56 25.06.2025
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrana uranı zənginləşdirməyə icazə verməyəcəyini bəyan edib.
Məsələ ilə bağlı Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan “İnformator.az”a açıqlamasında bildirib ki, 12 günlük müharibədə İsrailin hədəfi İranın nüvə proqramını sıradan çıxarmaq, onu zəiflətmək idi:
“ABŞ İranın nüvə obyektlərini vurmaqla qarşısına qoyduğu hədəflərə çatdığını bəyan etdi. İran isə həmin obyektlərin boş olduğunu bildirdi. Ehtimal olunur ki, 408,6 kq yerləşdirilmiş uranı İran hakimiyyəti gizlədib. Odur ki, İranla ABŞ və İsrail arasında gərginliyin birdəfəlik həll edildiyini söyləmək hələki tezdir.
Tehranla Vaşinqton arasında birbaşa görüşlər, danışıqlar başlayıb,yekun nəticələr əldə edənədək bu gərginlik qalacaq. Bu gərginliyin yaranmasının müxtəlif səbəbləri var. O səbəblərdən biri də uranın zənginləşdirilməsidir.
ABŞ-nin mövqeyi BMT qərarına uyğundur, çünki, nüvə silahlarının yayılmaması haqqında müqavilələr var. Ona görə də ABŞ-nin İranda keçirdiyi əməliyyat da İranın nüvə proqramını və nüvə silahı əldə etmək cəhdinin qarşısının alınması məqsədilə hədəflədiyinə görə məqbul sayıla bilər. Kütləvi nüvə silahlarının yayılmaması müqaviləsi 1968-ci ildə imzalanıb, 1970-ci ildə qanun qüvvəyə minib. Bu müqaviləyə qoşulan ölkələr nüvə silahını əldə etməməyi və yayılmaması öhdəliklərini üzərinə götürüb. Amma nüvə enerjisindən sülh məqsədli istifadə edilməsi bu qanunla yasaqlanmır. Ona görə də Tehran hakimiyyətinin dinc məqsədli nüvə texnologiyasından istifadə etmək hüququ var”.
Çimnaz Telmanqızı