Litva və Filippin təhlükəsizlik paktı imzalayıblar

Bölmə: Dünya › ,
Tarix: 10:34 01.07.2025

Filippin, Vyetnam, Malayziya, Tayvan və Bruney uzunmüddətli ərazi mübahisəsində iştirak etsələr də, son illər Çin və Filippin sahil mühafizə və hərbi-dəniz qüvvələri arasında toqquşmaların sayı artıb.

 

Kəşfiyyat məlumatlarının mübadiləsi, kibertəhlükəsizlik, hibrid hücumlarla mübarizə, eləcə də Rusiya və Çinin “kölgə donanmalarına” qarşı tədbirlər – Litva və Filippin təcavüzkar qonşulardan qaynaqlanan potensial təhdidlərə qarşı özlərini qorumaq məqsədilə hərbi əməkdaşlığı gücləndirirlər.
Müdafiə sahəsində əməkdaşlığa dair memorandumu bazar ertəsi Manilada Litvanın müdafiə naziri Dovile Şakaliene və onun filippinli həmkarı Xilberto Teodoro imzalayıb.
Filippin Milli Müdafiə Nazirliyinin məlumatına görə, pakt həmçinin sursat istehsalını və dəniz təhlükəsizliyini, o cümlədən hər iki ölkənin sualtı infrastrukturunun qorunmasını da əhatə edir. Şakaliene ötən ay Sinqapurda keçirilmiş beynəlxalq müdafiə forumu “Şanqri-La Dialoqu”nda çıxışı zamanı Litvanın formalaşmaqda olan “avtoritar ox” – Rusiya, Çin, Şimali Koreya və İrandan ibarət ittifaq barədə narahatlığını dilə gətirdiyini bildirib.

 

Onun sözlərinə görə, bu cür ittifaqa demokratiyanı dəstəkləyən ölkələrin birgə cavabı verilməlidir:


“Hazırda görürük ki, avtoritar dövlətlər bir-biri ilə olduqca səmərəli əməkdaşlıq edirlər", – deyə Şakaliene Teodoro ilə birgə keçirdiyi mətbuat konfransında bildirib. “Bu əməkdaşlığın ən pis nəticələrindən biri Rusiyaya Ukrayna ilə müharibədə göstərilən dəstəkdir".


“Onların birgə hərəkətləri azad dünyaya, qlobal demokratiyaya təhdiddir. Biz bunun məhv edilməsinə imkan verə bilmərik”, – deyə o əlavə edib.

 

Euronews
Fatimə Heydərova